"Green Energy Corridor" layihəsi üzrə növbəti görüş Rumıniyada keçiriləcək

Yaşıl iqtisadiyyat Xəbər 6 Oktyabr 2026 13:03 (UTC +04:00)
"Green Energy Corridor" layihəsi üzrə növbəti görüş Rumıniyada keçiriləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

"Green Energy Corridor" layihəsində iştirak edən ölkələrin nazirlərinin növbəti görüşünün noyabrın sonunda Rumıniyada keçirilməsi planlaşdırılır.

Trend-in müxbiri xəbər verir ki, bu barədə "Green Energy Corridor Power Company" (GECO) şirkətinin baş direktoru Yusif Qayıbov çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında bildirib

Onun sözlərinə görə, "Green Energy Corridor" bərpa olunan enerji sahəsində digər layihələrdən dörd ölkə arasında strateji tərəfdaşlığın olması, öz komandası olan ayrıca şirkəti və büdcəsinin mövcudluğu, eləcə də yüksək səviyyədə qarşılıqlı fəaliyyət mexanizminin yaradılması ilə fərqlənir.

“Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq qurulub və bu çərçivədə "Green Energy Corridor" birgə şirkəti yaradılıb. Şirkət 2024-cü ildən fəaliyyət göstərir. Onun layihənin həyata keçirilməsi üçün öz komandası, büdcəsi və bütün zəruri resursları var”, - deyə Qayıbov bildirib.

O, həmçinin layihənin idarə olunmasının və iştirakçıların öhdəliklərinə sadiqliyinin vacibliyini qeyd edib.

“Cəmi dörd il ərzində, o cümlədən hazırkı nazirlərimiz 12 dəfə görüşüblər. Növbəti görüş noyabrın sonuna planlaşdırılıb”, - deyə GECO-nun baş direktoru əlavə edib.

Onun sözlərinə görə, belə görüşlər qərar qəbul edən şəxslərin yüksək səviyyədə dəstəyini təmin edir, çağırış və problemlərin müzakirəsinə, eləcə də onların həlli yollarının tapılmasına imkan yaradır.

“Bu, çoxsaylı maraqlı tərəflərin və ölkələrin iştirak etdiyi mürəkkəb layihədir”, - deyə o qeyd edib.

Qayıbov vurğulayıb ki, layihə əvvəllər elektrik enerjisi vasitəsilə heç vaxt bir-biri ilə əlaqələndirilməmiş dörd ölkəni birləşdirir.

“Bunlar layihənin həyata keçirilməsi üçün əlavə stimullar yaradan amillərdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi üçün banklar, şirkətlər, beynəlxalq maliyyə institutları və özəl sektor da daxil olmaqla müxtəlif maraqlı tərəflərin dəstəyi tələb olunur.

“Bölüşdürülə bilən risklər də mövcuddur. Buna görə də siz bu mühüm layihənin həyata keçirilməsi ilə bağlı müəyyən məsuliyyəti öz üzərinizə götürə bilərsiniz”, - deyə Qayıbov qeyd edib.

O, layihəni fərqləndirən daha bir amilin bir məkanda həm tələbat mərkəzinin, həm də resursların mövcudluğu olduğunu bildirib.

“Bir tərəfdən, daha aşağı qiymətə elektrik enerjisi istehsal etmək mümkündür, digər tərəfdən isə regionumuzda bu elektrik enerjisinə, yaşıl enerjiyə tələbat var. Məhz bu amillər bizim layihəmizi digər layihələrdən fərqləndirir”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə “Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar ” mövzusunda konfrans keçirilir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Konfrans Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma layihələri üçün maliyyələşmənin səfərbər edilməsinə həsr olunub.

Proqrama həmçinin Orta Dəhlizin inkişafı, investisiyaların cəlb edilməsi, yaşıl enerji, dövlət-özəl tərəfdaşlığı, rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri üzrə panel müzakirələri və B2G dəyirmi masaları daxildir. Konfrans Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə, həmçinin infrastruktur, enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində yeni tərəfdaşlıqların formalaşdırılmasına yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti