Bakı. Trend:
Son beş ildə Azərbaycandan keçən tranzit yüklərin həcmi təxminən iki dəfə artıb və 2030-cu ilə qədər bu göstəricinin 30 milyon tona çatdırılması planlaşdırılır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
Nazir müavini bildirib ki, müasir dünyada bağlantı ("connectivity") malların, xidmətlərin, insanların və məlumatların bazarlar arasında sürətli və münasib xərclərlə hərəkətini təmin edən əsas amillərdən biridir.
"Son illər göstərdi ki, bu sistem nə qədər həssas və mürəkkəb ola bilər. Münaqişələr quru marşrutlarını, boğazları, dəniz yollarını və hətta dənizaltı kabel xətlərini pozub. Şirkətlər və hökumətlər marşrutların şaxələndirilməsinə üstünlük verir. Azərbaycanın bu istiqamətdə cavabı iki əsas sütuna söykənir: 1. Yük daşımalarını təmin edən Orta Dəhliz; 2. Məlumatların ötürülməsinə xidmət edən rəqəmsal dəhliz", – deyə R.Həsənov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandan keçən tranzit yüklərin həcmi
son beş ildə təxminən iki dəfə artıb.
"Bu ili təxminən 16 milyon ton tranzit yüklə başa vuracağımızı
gözləyirik. 2030-cu ilədək isə bu göstəricinin 30 milyon tona
çatdırılması planlaşdırılır", – deyə nazir müavini bildirib.
R.Həsənov konteyner daşımalarının xüsusilə sürətlə artdığını vurğulayıb.
"İlin ilk doqquz ayının nəticələrinə əsasən, Bakı Limanında emal olunan konteynerlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30 faizdən çox artıb", – deyə o bildirib.
Nazir müavini qeyd edib ki, Bakı Limanının gücləndirilməsi istiqamətində işlər davam edir.
"Əməliyyatların təkmilləşdirilməsi hesabına limanın konteyner qəbul etmə qabiliyyətini artırmışıq. İkinci mərhələnin həyata keçirilməsi nəticəsində bu göstəricinin 500 min TEU-ya çatdırılması nəzərdə tutulur", – deyə R.Həsənov əlavə edib.
Onun sözlərinə görə, Naxçıvan vasitəsilə Türkiyəyə uzanacaq Zəngəzur dəhlizi Azərbaycanın qərb istiqamətində ikinci çıxış qapısını formalaşdıracaq və illik 15 milyon tonadək yükdaşıma potensialına malik olacaq.
R.Həsənov Xəzər donanmasının da Orta Dəhlizin vacib elementlərindən biri olduğunu bildirib.
"Bakı Gəmiqayırma Zavodu hazırda "AD Ports" və Qazaxıstan Dəmir Yolları üçün dörd konteyner gəmisi inşa edir. Bunlar zavodun ilk beynəlxalq sifarişləridir", – deyə o qeyd edib.
Nazir müavini Bakı Limanının genişləndirilməsi layihələrinə beynəlxalq tərəfdaşların böyük maraq göstərdiyini bildirib.
"Bakı Limanının genişləndirilməsi ilə bağlı əməkdaşlıq modeli Almaniya şirkətləri ilə də müzakirə olunur", – deyə R.Həsənov vurğulayıb.
O əlavə edib ki, Orta Dəhlizin tam potensialının reallaşması üçün yüklərin yalnız Şərqdən Qərbə deyil, əks istiqamətdə də daşınması vacibdir.
"Almaniya dünyanın aparıcı ixracatçılarından biri kimi bu prosesdə mühüm rol oynaya bilər. Biz Almaniya şirkətlərini Orta Dəhlizin növbəti mərhələsində yük sahibi, logistika operatoru, texnologiya təminatçısı və investor kimi görmək istərdik", – deyə nazir müavini bildirib.
R.Həsənov hava nəqliyyatının da bağlantı sisteminin mühüm hissəsi olduğunu qeyd edib.
"Şimal və cənub istiqamətlərində hava məkanlarının məhdudlaşdırıldığı şəraitdə Azərbaycan öz hava məkanını açıq və təhlükəsiz saxlayıb. Son dörd ildə ölkə üzərindən həyata keçirilən tranzit uçuşların sayı beş dəfədən çox artaraq ildə 260 minə çatıb. Bu marşrutlardan Avropa və Asiya arasında, o cümlədən Almaniya hava limanlarından həyata keçirilən çoxsaylı reyslər istifadə edir", – deyə R.Həsənov əlavə edib.
