Bakı. Trend:
Orta Dəhliz boyunca yerləşən ölkələrin iqtisadiyyatlarının inkişafı gələcəkdə logistika xidmətlərinə tələbatı əhəmiyyətli dərəcədə artıra bilər.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Rhenus Group” şirkətinin korporativ nümayəndəsi Heinrix Kerstgens çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
Onun sözlərinə görə, əhali və ümumi daxili məhsulun (ÜDM) artması mal və istehlak məhsullarına tələbatı artıracaq, bu isə öz növbəsində sənayenin inkişafına təkan verəcək.
“Bütün bunlar logistikadan istifadə edəcək, çünki logistika olmadan bu proseslərin heç biri işləyə bilməz. Logistika ən vacib amil deyil, lakin logistika olmadan heç nə mümkün deyil”, – deyə H.Kerstgens bildirib.
O qeyd edib ki, məhz bu səbəbdən “Rhenus Group” Azərbaycandakı fəaliyyətində diqqəti Orta Dəhlizə yönəltmək qərarına gəlib.
“Biz demirik ki, Çindən Avropaya və əks istiqamətdə bütün konteynerləri daşımaq istəyirik. Tranzit də vacib olacaq. Lakin Orta Dəhlizin orta və uzunmüddətli perspektivində gördüyümüz əsas imkan bu marşrut boyunca yerləşən iqtisadiyyatların böyüməsi və Orta Dəhlizin həmin ölkələrin rifahının və ÜDM-nin artmasına imkan verən amilə çevrilməsidir”, – deyə şirkət nümayəndəsi vurğulayıb.
H.Kerstgensin sözlərinə görə, gələcəkdə Orta Dəhliz üzrə yükdaşımaların artımının əsas mənbələrindən biri Mərkəzi Asiya ölkələri arasındakı, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı ticarət və iqtisadi əlaqələrin genişlənməsi olacaq.
“Biz Orta Dəhliz üzrə daşımaları daha çox Mərkəzi Asiya ölkələri arasında, həmin ölkələrin daxilində, həmçinin Cənubi Qafqazla Mərkəzi Asiya arasında və əks istiqamətdə görürük. Əlbəttə, Avropa ilə Cənubi Qafqaz, Avropa ilə Mərkəzi Asiya, eləcə də Çinlə əlaqələr də mühüm olacaq”, – deyə o bildirib.
O əlavə edib ki, məhz bu istiqamətlər gələcəkdə yükdaşımaların həcminin əhəmiyyətli artımına səbəb ola bilər.
“Bizim fikrimizcə, bu, gələcəkdə həcmlərin ən böyük artımını təmin edəcək əsas amil olacaq və biz bunu mümkün edən tərəflərdən biri olmaq istəyirik”, – deyə H.Kerstgens qeyd edib.
“Rhenus Group” nümayəndəsi bildirib ki, şirkət bu məqsədlə Özbəkistan, Qazaxıstan və Azərbaycanda müxtəlif layihələrdə iştirak edir.
“Bunun reallaşmasına nail olmaq üçün Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda layihələr həyata keçiririk”, – deyə o əlavə edib.
