Bu ay Orta Dəhlizin cənub qolu üzrə məhdudlaşdırıcı məqamlar müəyyənləşdiriləcək

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 15:04 (UTC +04:00)
Bu ay Orta Dəhlizin cənub qolu üzrə məhdudlaşdırıcı məqamlar müəyyənləşdiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabr ayında Orta Dəhlizin cənub qolu boyunca məhdudlaşdırıcı məqamların müəyyənləşdirilməsi məqsədilə xüsusi sorğu və qiymətləndirmə aparılmasına başlanılacaq.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müşaviri Emil Məmmədov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, Orta Dəhlizin cari və gələcək inkişafı üçün dəhliz iştirakçıları arasında koordinasiya və birgə əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

E.Məmmədovun sözlərinə görə, Orta Dəhliz boyunca yük sahiblərinə müxtəlif həllər və xidmətlər təqdim etmək üçün vahid pəncərə sisteminin yaradılması istiqamətində uzun müddətdir iş aparılır.

“Bu istiqamətdə ən son həllərdən biri Orta Dəhliz üzrə ‘Middle Corridor Multimodal’ adlı birgə müəssisənin yaradılmasıdır. Hazırda Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çin bu birgə müəssisənin təsisçiləridir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, birgə müəssisə Orta Dəhlizdə iştirak edən ölkələrə həm nəqliyyat xidmətlərinin göstərilməsində, həm də dəhlizin inkişafı ilə bağlı təşəbbüslərdə iştirak etmək imkanı yaradır.
“Birgə müəssisə çərçivəsində koordinasiya və birgə fəaliyyət Orta Dəhliz boyunca imkanları daha yaxşı təqdim etməyə və dəhlizi daha şəffaf etməyə imkan verir. Yük sahibi yükünün harada və daşınmanın hansı mərhələsində olduğunu bilməlidir”, – deyə E.Məmmədov bildirib.

O vurğulayıb ki, bu cür əməkdaşlıq yük sahiblərinin Orta Dəhliz boyunca yüklərin daşınması zamanı qarşılaşa biləcəyi problemlərin və çətinliklərin həllinə kömək edir.

ADY sədrinin müşaviri Orta Dəhliz boyunca fəaliyyət göstərən assosiasiyaların da marşrutun inkişafında rolunu qeyd edib.

“Orta Dəhliz Assosiasiyası (TITR) bu istiqamətdə fəaliyyət göstərən qurumlardan biridir. Digər assosiasiya isə "Azərbaycan Dəmir Yolları"nın təşəbbüsü ilə yaradılmış "Avrasiya Nəqliyyat Marşrutu"dur. Bu marşrut Orta Dəhlizin cənub qolunu əhatə edir”, – deyə o bildirib.

E.Məmmədov qeyd edib ki, “Avrasiya Nəqliyyat Marşrutu” Qırğızıstan, Türkmənistan, Özbəkistan, Xəzər dənizini keçməklə Azərbaycan və Gürcüstanı əhatə edir.

“Bu ay, oktyabr ayında həmin marşrut boyunca sorğuya başlayırıq. Bu, məhdudlaşdırıcı məqamları müəyyənləşdirməyə imkan verəcək. Qiymətləndirmə cənub marşrutu boyunca hazırda real problemlərin nədən ibarət olduğunu göstərəcək”, – deyə E.Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, qiymətləndirmənin nəticələrinə əsasən marşrutun inkişaf etdirilməsi üçün növbəti addımlar və həyata keçirilməli təşəbbüslər müəyyənləşdiriləcək.

“Daha sonra hansı addımların atılmalı və hansı təşəbbüslərin həyata keçirilməli olduğunu müəyyən edəcəyik ki, bu marşrut da hazırda Orta Dəhlizdə əldə etdiyimiz inkişaf səviyyəsinə çata bilsin”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti