Bakı.Trend:
Böyük Britaniya İsrailin Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlamaq planından imtina etməyəcəyi təqdirdə, israilli diplomatları ölkədən çıxara bilər.
Bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya buna cavab olaraq Londondakı İsrail səfirliyinin təxminən 30 əməkdaşını ölkədən çıxara bilər. Britaniyanın Şərqi Qüdsdəki konsulluğunda da məhz bu sayda diplomat çalışır.
Bundan əvvəl “Reuters” məlumat vermişdi ki, Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğunun bağlanmasının qarşısını almaq məqsədilə İsraillə gizli danışıqlar aparır. Agentliyin məlumatına görə, ötən həftə Birləşmiş Krallığın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell diplomatik nümayəndəliyin bağlanmasına yol verməmək üçün İsrailə səfər edib.
İsrail hakimiyyəti konsulluğun bağlanacağını Britaniyanın İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin salınmasına görə tətbiq etdiyi sanksiyalara cavab olaraq elan edib. Agentlik bildirib ki, danışıqlar hələlik nəticə verməyib.
