Bakı. Trend:
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair fotosərgi açılıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, “Gilavar” Foto Klubu İctimai Birliyinin təşkil etdiyi ekspozisiya oktyabrın 5-də BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında, rəmzi “Sınıq stul” abidəsinin qarşısında nümayiş olunub.
Sərgidə mina partlayışlarından zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini və partlayışların ağır nəticələrini əks etdirən sənədli fotoşəkillər yer alıb. Ziyarətçilərə işğal dövründə Azərbaycan ərazilərində törədilmiş dağıntıları, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolar da təqdim edilib.
“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, sərgi beynəlxalq ictimaiyyəti “minasız dünya” məqsədinin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi elan olunması təşəbbüsünə dəstək verməyə çağırır. Onun sözlərinə görə, dünyada 60 milyon insan mina təhlükəsi altında yaşayır, Azərbaycan isə bu problemdən ən çox əziyyət çəkən ölkələr sırasındadır.
R.Mehdiyev Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində 1,5 milyondan çox mina basdırdığını bildirib. O, yaşayış məntəqələrində, qəbiristanlıqlarda və bir sıra kütləvi məzarlıqların ətrafında minaların aşkarlanmasının dinc əhali üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Ekspozisiya ilə tanış olanlara Ermənistanın minalanmış ərazilərə dair dəqiq məlumat və xəritələr təqdim etməməsi, verilmiş xəritələrin etibarlılığı ilə bağlı problemlər barədə də məlumat verilib. Mina təhlükəsinin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və bərpa-quruculuq işlərini ləngitdiyi, insanların həyat və sağlamlığına, ətraf mühitə və kənd təsərrüfatına zərər vurduğu diqqətə çatdırılıb.
“Gilavar” Foto Klubu “minasız dünya” təşəbbüsü ilə bağlı beynəlxalq kampaniyanı digər Avropa ölkələrində də davam etdirəcək.
Qeyd edək ki, təşkilat QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.
