Azərbaycan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindədir

Siyasət Xəbər 6 Oktyabr 2026 15:40 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Böyük Britaniya ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün siyasi iradəyə və mühüm potensiala malikdir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya qarşılıqlı etimada əsaslanan möhkəm siyasi və iqtisadi əlaqələrə malik çoxdankı dost ölkələrdir.

“Əldə etdiyimiz tərəqqi münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün möhkəm zəmin yaradır. Əməkdaşlığımızı bu yeni səviyyəyə yüksəltmək üçün siyasi iradəyə və böyük potensiala malikik. Böyük Britaniya 30 ildən artıqdır ki, investisiyaları və enerji sektorunda strateji əməkdaşlığı sayəsində Azərbaycanın əsas tərəfdaşlarından biridir”, - deyə nazir bildirib.

P.Şahbazovun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 milyard dolları ötür ki, bu da ölkəni Azərbaycanın ən böyük xarici investoruna çevirir.

O qeyd edib ki, ikitərəfli ticarət dövriyyəsində də əhəmiyyətli dinamika müşahidə olunur.

“Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə dövriyyə təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı isə 24 dəfə artıb”, - deyə nazir bildirib.

P.Şahbazov qeyd edib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan strateji enerji tərəfdaşlığı ikitərəfli münasibətlərin əsas dayaqlarından biri olaraq qalır.

“Cənub Qaz Dəhlizi də daxil olmaqla, birgə həyata keçirdiyimiz iri neft-qaz layihələri regionun və Avropanın enerji təhlükəsizliyinə töhfəmizin bariz nümunəsidir. Britaniyanın bp şirkəti ilə əməkdaşlıq yeni layihələr vasitəsilə inkişaf etməkdə davam edir.

“Azəri-Çıraq-Günəşli” yatağında səmt qazının hasilatına başlanması, “Şahdəniz” yatağında qazın kompressiyası layihəsi, “Şəfəq-Asiman”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” layihələri, eləcə də Özbəkistanda birgə fəaliyyətimiz bu tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir”, - deyə nazir bildirib.

P.Şahbazov əlavə edib ki, əməkdaşlıq “yaşıl” enerji və karbonsuzlaşdırma sahələrində də genişlənir.

“Şəfəq” günəş elektrik stansiyasının gələn il fəaliyyətə başlayacağı gözlənilir. Səngəçal terminalının təmiz enerji hesabına dekarbonizasiyası isə öz növbəsində qlobal enerji keçidi üçün bir model yaradır”, - deyə o bildirib.

Nazir qeyd edib ki, qlobal enerji mənzərəsinin dəyişməsi elektrik şəbəkələrinin və regional bağlantıların strateji əhəmiyyətini artırır.

“Azərbaycan Xəzər regionunu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək üçün böyük “yaşıl” enerji dəhlizləri layihələrini həyata keçirir. Bu layihələrə Naxçıvan və Türkiyə ərazisindən keçərək şərq bazarlarına çıxacaq marşrut da daxildir”, - deyə P.Şahbazov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti