Transxəzər fiber-optik kabel xəttinin bu ilin sonunadək istismara verilməsi planlaşdırılır - Rəşad Həsənov

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 14:23 (UTC +04:00)
Transxəzər fiber-optik kabel xəttinin bu ilin sonunadək istismara verilməsi planlaşdırılır - Rəşad Həsənov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan arasında Transxəzər fiber-optik kabel xətti 2026-cı ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əsas məqsədlərindən biri ölkəni regional rəqəmsal mərkəzə çevirməkdir.

“Rəqəmsal regional mərkəz olmaq üçün üç əsas amil lazımdır: infrastruktur, insan kapitalı və qaydalar. Bu istiqamətlərin hər biri üzrə Azərbaycanda mühüm işlər görülür”, – deyə R.Həsənov qeyd edib.

Nazir müavini bildirib ki, rəqəmsal dəhlizin əsas elementlərindən biri Asiya ilə Avropanı birləşdirəcək “Digital Silk Way” fiber-optik marşrutudur.

“Bu layihənin əsas hissəsi Sumqayıt ilə Aktau arasında Xəzər dənizinin dibindən keçən, təxminən 380 kilometr uzunluğunda fiber-optik kabeldir. Kabel avqust ayında Qazaxıstan sahilinə çatıb və bu ilin sonunadək istismara verilməsi planlaşdırılır”, – deyə o bildirib.

R.Həsənov süni intellektin inkişafı üçün hesablama gücünün və enerji təminatının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Onilliklər ərzində biz enerjini boru kəmərləri vasitəsilə ixrac etmişik. İndi isə hesablama imkanları enerjini ixrac edilə bilən rəqəmsal xidmətə çevirməyə imkan verir”, – deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında süni intellekt üzrə məlumat mərkəzinin yaradılması istiqamətində iş aparılır və beynəlxalq tərəfdaşlarla danışıqlar yekun mərhələdədir.

“Məlumat mərkəzi yalnız Azərbaycana deyil, daha geniş regiona xidmət göstərmək üçün nəzərdə tutulub”, – deyə R.Həsənov bildirib.
Nazir müavini rəqəmsal inkişafın digər əsas komponentinin insan kapitalı olduğunu deyib.

“Dayanıqlı infrastruktur üçün müvafiq bacarıqlara malik insanlar lazımdır. Bu baxımdan Almaniya ilə əməkdaşlığımız da özünü göstərir. Biz Azərbaycan Texniki Universiteti və Münhen Texniki Universiteti ilə birlikdə ASCON Mühəndislik və Texnologiya Məktəbini yaratmışıq. Burada alman şirkətlərinin yaxşı tanıdığı model tətbiq olunur – nəzəriyyə auditoriyada, praktiki hazırlıq isə sənayedə. Gələcək illərdə bu birgə proqramı ikili diplom proqramına çevirməyi nəzərdə tuturuq”, – deyə o qeyd edib.

R.Həsənov texnologiya sektorunda fəaliyyət göstərən şirkətlər və yüksək ixtisaslı mütəxəssislər üçün yeni imkanların yaradıldığını vurğulayıb.

“Bu yaxınlarda parlament texnologiya sektoru üçün vergi və miqrasiya islahatları paketini, həmçinin vençur kapitalı və kraudfandinq üzrə yeni qanunları qəbul edib”, – deyə nazir müavini bildirib.

O qeyd edib ki, 2027-ci ilin yanvarından Azərbaycanda rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər mənfəət vergisi və dividend vergisindən 20 ilədək müddətə azad edilə biləcək.

“Yüksək ixtisaslı mütəxəssislərin Azərbaycana köçməsi üçün də imkanlar yaradılır. Belə mütəxəssislər gəlir vergisindən azad ediləcək, həmçinin xaricdə əldə etdikləri gəlirlərə görə 20 illik vergi güzəşti tətbiq olunacaq”, – deyə R.Həsənov əlavə edib.

Nazir müavini Azərbaycanın aparıcı Qərb texnologiya şirkətlərini regional bazalarını ölkədə yerləşdirməyə cəlb etmək niyyətində olduğunu bildirib.

“Biz aparıcı Qərb texnologiya şirkətlərinin Azərbaycanı regional bazası kimi seçməsini istəyirik. Bu şirkətlər ətrafında daha geniş ekosistem formalaşa bilər. Almaniya şirkətlərinin də bu ekosistemin bir hissəsi olmasını çox istərdik”, – deyə o vurğulayıb.

R.Həsənov qeyd edib ki, Azərbaycan beynəlxalq tərəfdaşlıqda yalnız kapital deyil, texnologiya, idarəetmə təcrübəsi və bilik transferi əldə etməyə də böyük əhəmiyyət verir.

“Coğrafiya bizə bu marşrutu bəxş edib. Onun üzərində fiziki və rəqəmsal olaraq nə quracağımız isə bu marşrutun bizim üçün dəyərini müəyyən edəcək. Orta Dəhliz yüklərinizi, Rəqəmsal Dəhliz isə məlumatlarınızı daşıyacaq. Yanvar ayından etibarən qaydalarımız şirkətləriniz üçün Azərbaycanda fəaliyyət göstərməyi daha asanlaşdıracaq”, – deyə nazir müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti