Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Limanı konteyner daşımaları ilə yanaşı, ümumi yük terminalını və xüsusi terminalları da genişləndirməyi planlaşdırır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
O bildirib ki, Bakı Limanı Azərbaycanın nəqliyyat sektorunun və Orta Dəhlizin əsas hissələrindən biridir:
"Biz limanı sadəcə dəniz limanı kimi deyil, regionda əsas logistika mərkəzlərindən biri kimi inkişaf etdiririk. Azərbaycanın əsas məqsədlərindən biri regional logistika və nəqliyyat qovşağına çevrilməkdir".
X.Həsənlinin sözlərinə görə, son illərdə, xüsusilə pandemiyadan sonra Çin ilə Avropa və Qara dəniz ölkələri arasında yükdaşımaların artması Orta Dəhlizə marağı əhəmiyyətli dərəcədə artırıb.
O qeyd edib ki, bu tendensiya fonunda limanın konteyner tutumunun genişləndirilməsi ilə yanaşı, digər yük növləri üzrə imkanların artırılması da nəzərdə tutulur.
"Yalnız konteyner daşımalarını deyil, ümumi yük terminalını və xüsusi terminalları da genişləndirməyi planlaşdırırıq. Məsələn, Mərkəzi Asiyadan gələn gübrə kimi yüklər üçün də imkanlarımızı artırmaq istəyirik", – deyə o bildirib.
X.Həsənli əlavə edib ki, Bakı Limanının konteyner tutumu hazırda 150 min TEU təşkil edir. Yaxın gələcəkdə bu göstəricinin 260 min TEU-ya çatdırılması, ikinci mərhələdə isə limanın ümumi yükötürmə qabiliyyətinin 25 milyon tona, o cümlədən konteyner gücünün 500 min TEU-ya yüksəldilməsi planlaşdırılır.
O vurğulayıb ki, Orta Dəhlizin inkişafı üçün yalnız fiziki infrastrukturun genişləndirilməsi kifayət deyil, həmçinin marşrut boyunca əməliyyat səmərəliliyinin artırılması vacibdir.
"Bu dəhlizdə əsas iki amil vaxt və qiymətdir. Hazırda vaxt amili daha böyük əhəmiyyət daşıyır. Yüklərin Şərqdən Qərbə və əks istiqamətdə vaxtında və planlaşdırılmış şəkildə daşınması dəhlizin daha da inkişafına imkan verəcək", – deyə X.Həsənli qeyd edib.
Onun sözlərinə görə, dəhliz boyunca hər bir ölkənin infrastrukturu və yükötürmə imkanları bir-biri ilə uyğunlaşdırılmalıdır. Marşrutun hər hansı bir hissəsində yaranan tutum və ya səmərəlilik problemi bütövlükdə Orta Dəhlizin fəaliyyətinə təsir göstərə bilər.
X.Həsənli bildirib ki, Bakı Limanında konteyner daşımalarının həcmi son illərdə sürətlə artır. Liman 2024-cü ildə 77 min TEU-dan çox, 2025-ci ildə isə 107 min TEU-dan çox konteyner emal edib. 2026-cı ilin sonunadək bu göstəricinin 120 min TEU-dan çox olacağı gözlənilir.
O qeyd edib ki, konteyner daşımalarının artım tempi fiziki infrastrukturun inkişaf tempini üstələyir: "Buna görə də Orta Dəhlizin bütün iştirakçıları həm infrastruktur imkanlarını, həm də əməliyyat səmərəliliyini paralel şəkildə artırmalıdırlar".
