Korrupsiyaya qarşı mübarizə Azərbaycanda keyfiyyətcə yeni mərhələyə keçib - Əli Hüseynli

Cəmiyyət Xəbər 6 Oktyabr 2026 15:20 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizə Azərbaycanda keyfiyyətcə yeni mərhələyə keçib - Əli Hüseynli
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Hüseynli bildirib ki, hələ 2000-ci illərin əvvəllərində parlamentdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun və digər mühüm qanunlar qəbul edilib, daha sonra isə müvafiq qərarlar və Prezidentin fərmanları verilib.

“Əslində, o illərdə də belə bir qanunun qəbul olunması, bu münasibətləri tənzimləyən sənədin qəbul edilməsi ideyası mövcud idi”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, maraqlar toqquşması ilə bağlı məsələlər də müasir dünyada korrupsiyaya qarşı mübarizədə istifadə olunan üsullardandır.

“Amma hesab edirəm ki, indi ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib. Beynəlxalq təcrübə daha da dərindən öyrənilib və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi, onların müdafiəsi haqqında qanunu bu kontekstdə indiki şəraitdə zəruri və əhəmiyyətli hesab edirik”, - Ə.Hüseynli vurğulayıb.

Deputat qanun layihəsinin qəbulu ilə əlaqədar digər qanunvericilik aktlarında nəzərdə tutulan uyğunlaşdırma xarakterli dəyişikliklər barədə də məlumat verib.

O bildirib ki, qanunun qəbulu bir sıra komitələrin profilinə aid olan qanunlarda dəyişikliklərin edilməsinə gətirib çıxaracaq.

Ə.Hüseynlinin sözlərinə görə, dəyişikliklərin böyük əksəriyyəti “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanunla bağlıdır. Belə ki, qanun layihəsində məlumat verən şəxslərin də dövlət müdafiəsi ilə təmin olunan şəxslər sırasında olması nəzərdə tutulur.

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanun çərçivəsində məlumat verən şəxslərin də dövlət müdafiəsi ilə əhatə olunması nəzərdə tutulur. Bu şəxslər öz razılığı ilə şahid qismində cəlb oluna bilərlər. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər təklif olunur.

Ə.Hüseynli qeyd edib ki, “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunda da yeni müddəanın müəyyənləşdirilməsi nəzərdə tutulur.

O bildirib ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslər dövlət hesabına hüquqi yardım almaq imkanına malik olacaqlar.

“Komitəmizin profilinə uyğun olaraq həmin qanunlarda edilən əlavələr və dəyişikliklər məhz birbaşa gündəmimizin birinci məsələsi ilə bağlıdır”, - deyə komitə sədri bildirib.

Ə.Hüseynli ümumilikdə qanun layihəsini əhəmiyyətli hesab etdiyini bildirib və parlamentdə komitələrin iradəsinin dəstəklənəcəyinə, qanun layihəsinin qəbul olunacağına əminliyini ifadə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti