Bakı. Trend:
6 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli
münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə
regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində
Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd
edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli
əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq
doğurduğu bildirilib.
Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji
Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional
əsaslarının daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti
vurğulanıb. Xartiyanın icrası çərçivəsində yaradılmış işçi
qruplarının fəaliyyəti və qarşıdakı dövr üçün konkret layihə və yol
xəritələrinin müəyyənləşdirilməsi istiqamətində görülən işlər
nəzərdən keçirilib.
Azərbaycan-ABŞ iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi
məsələlərinə toxunulub. Bu çərçivədə, Bakı Enerji Həftəsi və II
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində enerji,
investisiya, yüksək texnologiyalar və digər sahələrdə əldə olunmuş
razılaşmaların ikitərəfli strateji tərəfdaşlığın iqtisadi
əsaslarının gücləndirilməsinə töhfəsi qeyd edilib.
Azərbaycanın regionun enerji, nəqliyyat və logistika potensialının
inkişaf etdirilməsi, Orta Dəhlizin genişləndirilməsi,
investisiyaların təşviqi və regional bağlantıların gücləndirilməsi
istiqamətində həyata keçirdiyi infrastruktur layihələri barədə
məlumat verilib.
TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi bağlantıların
inkişafına, Azərbaycan ərazisindən onun Naxçıvan Muxtar
Respublikasına maneəsiz bağlantının təmin edilməsinə və daha geniş
regional tranzit imkanlarının formalaşdırılmasına mühüm töhfə
verəcəyi vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
prosesi ətrafında da fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi
istiqamətində atdığı addımlar, əldə olunmuş razılaşmaların həyata
keçirilməsi, regional kommunikasiyaların açılması və regionda
davamlı sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən
işlər barədə qarşı tərəfi məlumatlandırıb, ölkəmizin mövqeyini
diqqətə çatdırıb.
Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da
qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə inkişaf
etdirilməsi və əldə olunmuş razılaşmaların praktiki nəticələrlə
zənginləşdirilməsi istiqamətində səylərin davam etdirilməsinin
vacibliyini vurğulayıblar.
