Azərbaycan və Böyük Britaniya enerji sektorundan kənar əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Xəbər 6 Oktyabr 2026 18:13 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya enerji sektorundan kənar əməkdaşlığı genişləndirmək niyyətindədir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Böyük Britaniya ikitərəfli münasibətləri strateji tərəfdaşlıq çərçivəsində yeni səviyyəyə qaldırmaq niyyətindədir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu çərşənbə axşamı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət məsələləri üzrə dövlət naziri Anas Sarvar Bakıda keçirilən Azərbaycan və Böyük Britaniya hökumətləri arasında Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Aramızda həqiqətən də möhkəm və uzunmüddətli münasibətlər mövcuddur. Böyük Britaniyanın Baş naziri və Azərbaycan Prezidenti tərəfindən qətiyyətlə həyata keçirilməsi nəzərdə tutulan əsas məqsəd ölkələrimizin xalqları arasında münasibətləri daha da dərinləşdirməkdir. Bu strateji tərəfdaşlıq münasibətlərimizi yeni səviyyəyə çıxaracaq”, - deyə o bildirib.

A. Sarvarın sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq enerji sektorundakı ənənəvi əməkdaşlıq çərçivəsindən kənara çıxaraq təhsil, rəqəmsal innovasiyalar, texnologiyalar, infrastruktur, Orta Dəhlizin dəstəklənməsi, eləcə də müdafiə sənayesini əhatə edəcək.

O, həmçinin Böyük Britaniyanın qarşılıqlı investisiyaların genişləndirilməsində maraqlı olduğunu bildirib.

“Mən burada, Azərbaycanda yalnız ümumi ambisiyaları deyil, həm də fəaliyyət göstərən Britaniya şirkətlərini, Britaniyanın ixrac maliyyələşdirilməsi ilə dəstəklənəcək investisiyaları görmək istəyirəm. Eyni zamanda, Azərbaycandan Böyük Britaniyaya daha çox investisiya qoyulmasını və daha çox Azərbaycan şirkətinin Böyük Britaniyada fəaliyyət göstərməsini istəyirəm”, - deyə A. Sarvar qeyd edib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvarın həmsədrliyi ilə keçirilib.

İclasda Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, siyasi dialoq, iqtisadiyyat və ticarət, energetika, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar sahə və səhiyyə üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Bildirilib ki, Böyük Britaniya 30 ildən artıqdır Azərbaycan üçün əsas iqtisadi tərəfdaşlardan biridir. Qeyd olunub ki, 39 milyard dolları ötən investisiya həcmi ilə Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici investor olaraq qalır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti