Bakı. Trend:
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi vətəndaşın məlumatını hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyəti ilə birləşdirərək korrupsiyanın aşkarlanması üçün əlavə imkan yaradır.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
N.Həsənov bildirib ki, Azərbaycan BMT-nin Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasını 2005-ci ildə ratifikasiya edib. Onun sözlərinə görə, Konvensiyanın 33-cü maddəsində vicdanla və əsaslı səbəblərlə məlumat verən şəxsləri haqsız rəftardan qoruyan tədbirlərin milli hüquq sisteminə daxil edilməsi nəzərdə tutulub və bu məsələ xüsusi olaraq vurğulanıb.
Deputat həvəsləndirmə məsələsi ilə bağlı beynəlxalq təcrübədə maraqlı nümunələrin olduğunu qeyd edib.
O bildirib ki, Amerika Birləşmiş Ştatlarının Qiymətli Kağızlar və Birjalar Komissiyası 2024-cü il maliyyə hesabatında məlumat verən 47 nəfərə ümumilikdə 255 milyon dollardan artıq mükafat ödənildiyini qeyd edib.
N.Həsənov vurğulayıb ki, bu, qiymətli kağızlar qanunvericiliyi çərçivəsində xüsusi proqramdır və məlumatın aşkarlanmasının dəyərini göstərən diqqətəlayiq nümunədir.
Deputat qanun layihəsində bir sıra müddəaları xüsusilə müsbət qiymətləndirdiyini bildirib.
“Bizim layihədə birbaşa ixtisaslaşmış prokurorluq orqanına müraciət etmək hüququnun, vicdanlı yanılma zamanı müdafiənin və iş yerində qisas tədbirlərinin qadağan edilməsinin nəzərdə tutulmasını xüsusilə müsbət qiymətləndirirəm”, - deyə N.Həsənov qeyd edib.
Onun sözlərinə görə, qisas xarakterli tədbirlərə dair dəlillərin təkzib edilməsi yükünün təşkilat rəhbərinin üzərinə qoyulması da mühüm təminat kimi qiymətləndirilə bilər.
N.Həsənov mexanizmin tətbiqinin səmərəliliyi üçün üç məqamı xüsusilə vurğulayıb.
“Birincisi, cinayət əlamətləri aşkarlandıqda materiallar daxili araşdırmanın yekununu gözləmədən dərhal müvafiq hüquq-mühafizə orqanına, yəni prokurorluğa göndərilə bilər”, - deyə deputat bildirib.
O qeyd edib ki, ikinci məqam təhlükəsizlik tədbirlərinin real təhlükəyə operativ cavab verməsi ilə bağlıdır. Onun sözlərinə görə, formal prosedurlar müdafiəni gecikdirməməlidir.
Üçüncü məqamın isə mükafatlandırmanın hesablanması, maliyyələşdirilməsi və bir neçə məlumat verən şəxs arasında bölüşdürülməsi ilə bağlı olduğunu deyən N.Həsənov bu məsələlərin daha aydın qaydalarla tənzimlənə biləcəyini bildirib.
“Burada əsas göstəricilər məlumatların vaxtında araşdırılması, məlumat verən şəxsin müdafiəsi, ziyanın ödənilməsi və korrupsiya risklərinin aradan qaldırılmasıdır”, - deyə deputat vurğulayıb.
