Bakı. Trend:
Azərbaycan dövlət informasiya sistemlərinin “Hökumət buludu”na ("G-cloud") köçürülməsi prosesini cari ilin sonunadək başa çatdırmağı planlaşdırır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiyalar şöbəsinin müdiri Rəşad Xaliqov çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
“Biz bulud texnologiyalarına miqrasiya üzərində işləyirik və bu, gündəliyimizin mühüm məsələlərindən biridir. "G-cloud" layihəsinə hələ 2019-cu ildə başlamışıq və artıq dövlət informasiya sistemlərimizin böyük hissəsini "G-cloud"a köçürmüşük. Bu prosesi cari ilin sonunadək tam başa çatdırmağı planlaşdırırıq”, – deyə R. Xaliqov bildirib.
Qeyd edək ki, "Government Cloud" ("G-cloud") dövlət qurumlarına və dövlətə bağlı təşkilatlara məxsus məlumatların təhlükəsiz saxlanılması, idarə edilməsi və inteqrasiyası üçün yaradılmış mərkəzləşdirilmiş bulud platformasıdır.
Bu həll dövlət idarəçiliyində xərclərin optimallaşdırılmasına, resurslardan səmərəli istifadənin təmin edilməsinə, qurumlar arasında koordinasiyanın gücləndirilməsinə və ən yüksək təhlükəsizlik standartlarına cavab verilməsinə imkan yaradır.
Layihə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritəsinə uyğun olaraq hazırlanıb. "G-cloud" konsepsiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilib və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi layihənin operatoru müəyyən olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli 428 nömrəli Qərarı ilə dövlət informasiya sistemlərinin və resurslarının Hökumət Buluduna mərhələli şəkildə köçürülməsi planı təsdiq edilib.
