Bakı. Trend:
"Bakı Beynəlxalq Dəniz Limanı"nın ərazisində yük avtomobilləri üçün terminalın yaradılması imkanları araşdırılır.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Orta Asiya, Türkiyə, Avropa və Birləşmiş Krallıqla yük avtomobili dövriyyəsi və gələcək tələbat nəzərə alınır.
"Yük avtomobilləri üçün park layihəsi ilə bağlı hazırda bazar araşdırması aparılır. Burada parkinqə nə qədər ehtiyac olduğu, hansı xidmətlərə tələbin formalaşdığı və digər məsələlər öyrənilir. Araşdırmadan sonra maliyyə modeli və texniki-iqtisadi əsaslandırma hazırlanmalı, daha sonra master plan və layihə formalaşdırılmalıdır", - deyə X.Həsənli bildirib.
O vurğulayıb ki, layihə hazırda yalnız araşdırma mərhələsindədir və yük avtomobilləri üçün terminalın konkret tutumu hələ müəyyənləşdirilməyib.
"Bununla bağlı hökumətə təklif verilib, lakin araşdırmanın aparılması tapşırılıb. Araşdırmadan sonra hökumətə yenidən təqdim olunmalıdır. Ona görə də hazırda layihənin konkret həcmini demək mümkün deyil", - deyə X.Həsənli qeyd edib.
X.Həsənli bildirib ki, Bakı Limanının inkişafı çərçivəsində konteyner emalı gücünün də artırılması istiqamətində işlər davam etdirilir.
Onun sözlərinə görə, limanın konteyner emalı gücünün 260 min TEU-ya çatdırılması ilə bağlı işlərin gələn ilin ikinci yarısında tam şəkildə başa çatdırılması gözlənilir.
"260 min TEU-ya çatmaq üçün limanda dibdərinləşmə işləri aparılır, bəzi körpülər təmir və rekonstruksiya olunur. Həmçinin yeni liman avadanlıqları alınır. Bir yeni kran artıq alınıb, daha bir kran isə sifariş olunub", - deyə o bildirib.
O qeyd edib ki, layihə çərçivəsində limanın ərazisində yeni dəmir yolu xətlərinin çəkilməsi, yeni konteyner meydançasının yaradılması və digər avadanlıqların quraşdırılması nəzərdə tutulur.
"Yeni körpümüz var və onun da 260 min TEU-luq gücə çatdırılması layihəsinə daxil edilməsi nəzərdə tutulub. Hazırda həmin körpünün konteynerlərin emalına uyğunlaşdırılması üçün restavrasiya və rekonstruksiya işləri aparılır. Yeni kran da həmin əraziyə gətiriləcək", - deyə X.Həsənli vurğulayıb.
Onun sözlərinə görə, körpünün yenilənməsi, yeni kran və digər avadanlıqların alınması, dəmir yolu xətlərinin çəkilməsi və liman daxilində bağlantıların yaradılması başa çatdıqdan sonra konteyner emalı gücü 260 min TEU-ya çatdırılacaq.
"Bu işlərin tam komplektləşdirilməsinin təqribən gələn ilin ikinci yarısında başa çatdırılması gözlənilir", - deyə X.Həsənli əlavə edib.
X.Həsənli bildirib ki, Bakı Limanının inkişafının növbəti böyük mərhələsi ikinci fazadır. Bu mərhələdə limanın ümumi yükötürmə qabiliyyətinin 25 milyon tona, konteyner emalı gücünün isə 500 min TEU-ya çatdırılması planlaşdırılır.
"İkinci faza üzrə işləri biz aparmırıq, bu proses Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bununla bağlı master plan və bazar araşdırması hazırlanıb. Növbəti mərhələlər barədə gələn il məlumat veriləcək", - deyə o qeyd edib.
X.Həsənli əlavə edib ki, Bakı Limanının inkişafı yalnız konteyner daşımalarının artırılması ilə məhdudlaşmır və müxtəlif yük növləri üzrə infrastrukturun genişləndirilməsi də nəzərdən keçirilir.
