Bakı. Trend:
Bakı Limanında konteyner emalı həcminin bu ilin sonuna 123 min TEU-ya çatacağı gözlənilir.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib.
X.Həsənli bildirib ki, hazırda limanda konteyner emalı həcmi 100 min TEU-ya yaxınlaşıb.
“Bu ilin sonuna 120 min TEU-dan yuxarı, təxminən, 123 min TEU gözləyirik. Hazırda göstərici 100 min TEU-ya yaxındır”, - deyə o bildirib.
Onun sözlərinə görə, gələn il konteyner emalı həcminin 130-140 min TEU səviyyəsinə yüksəlməsi gözlənilir. Bununla yanaşı, limanın mövcud ötürmə imkanları həcmin 150 min TEU-ya qədər artmasına imkan verir.
“Gözləntilər 130 min TEU-nun üzərindədir, 130-140 min TEU səviyyəsində ola bilər. Ötürmə imkanlarımız da var. 150 min TEU-ya qədər artım mümkündür”, - deyə X.Həsənli qeyd edib.
O bildirib ki, gələn il üzrə konteyner daşımalarının dəqiq həcmi Orta Dəhliz boyunca vəziyyət, həyata keçirilən layihələr və Qazaxıstan da daxil olmaqla digər ölkələrdəki inkişaflardan asılı olacaq.
“Bu, təkcə bizdən asılı deyil. İlin sonuna qədər bütün dəhlizin özünü necə göstərəcəyinə, vəziyyətin necə olacağına və layihələrin hansı mərhələdə olacağına baxmaq lazımdır. Qazaxıstanda vəziyyətin necə olacağı da önəmlidir”, - deyə o vurğulayıb.
X.Həsənli bildirib ki, Bakı Limanının inkişafı çərçivəsində konteyner emalı gücünün 260 min TEU-ya çatdırılması istiqamətində də işlər davam etdirilir.
Onun sözlərinə görə, bu işlərin gələn ilin ikinci yarısında tam şəkildə başa çatdırılması gözlənilir.
“260 min TEU-ya çatmaq üçün limanda dibdərinləşdirmə işləri aparılır, bəzi körpülər təmir və rekonstruksiya olunur. Həmçinin yeni liman avadanlıqları alınır. Bir yeni kran artıq alınıb, daha bir kran isə sifariş olunub”, - deyə o bildirib.
O qeyd edib ki, layihə çərçivəsində limanın ərazisində yeni dəmir yolu xətlərinin çəkilməsi, yeni konteyner meydançasının yaradılması və digər avadanlıqların quraşdırılması nəzərdə tutulur.
“Yeni körpümüz var və onun da 260 min TEU-luq gücə çatdırılması layihəsinə daxil edilməsi nəzərdə tutulub. Hazırda həmin körpünün konteynerlərin emalına uyğunlaşdırılması üçün restavrasiya və rekonstruksiya işləri aparılır. Yeni kran da həmin əraziyə gətiriləcək”, - deyə X.Həsənli vurğulayıb.
Onun sözlərinə görə, körpünün yenilənməsi, yeni kran və digər avadanlıqların alınması, dəmir yolu xətlərinin çəkilməsi və liman daxilində bağlantıların yaradılması başa çatdıqdan sonra konteyner emalı gücü 260 min TEU-ya çatdırılacaq.
"Bu işlərin tam komplektləşdirilməsinin təqribən gələn ilin ikinci yarısında başa çatdırılması gözlənilir”, - deyə X.Həsənli əlavə edib.
X.Həsənli bildirib ki, Bakı Limanının inkişafının növbəti böyük mərhələsi ikinci fazadır. Bu mərhələdə limanın ümumi yükötürmə qabiliyyətinin 25 milyon tona, konteyner emalı gücünün isə 500 min TEU-ya çatdırılması planlaşdırılır.
“İkinci faza üzrə işləri biz aparmırıq, bu proses Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Bununla bağlı master plan və bazar araşdırması hazırlanıb. Növbəti mərhələlər barədə gələn il məlumat veriləcək”, - deyə o qeyd edib.
X.Həsənli əlavə edib ki, Bakı Limanının inkişafı yalnız konteyner daşımalarının artırılması ilə məhdudlaşmır və müxtəlif yük növləri üzrə infrastrukturun genişləndirilməsi də nəzərdən keçirilir.
