Bakı.Trend:
Almaniyanın biznes ictimaiyyəti Azərbaycanın rəqəmsal strategiyasının tezliklə işə salınacağını gözləyir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Vik çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
“Biz çox qısa müddət ərzində işə salınmalı olan rəqəmsal strategiyanı gözləyirik. Bu gün Azərbaycan hökumətinin nümayəndələrindən bu yol xəritəsi barədə məlumat alacağıq”, - deyə o bildirib.
Vik həmçinin Azərbaycanın alman şirkətləri üçün, xüsusilə onların layihələrinin “tənzimləyici sandboxlar” adlandırılan sınaq mühitlərində test edilməsi məqsədilə, bir növ hab kimi istifadə olunmasında maraqlı olduqlarını bildirib.
“Biz Azərbaycandan hab kimi istifadə etmək və ya bu məqsədlə alman şirkətlərini buraya dəvət etmək istərdik. Məsələn, onlar layihələrini sözügedən “sandbox” mühitində sınaqdan keçirə, daha sonra isə bu layihələri tətbiq edərək Avropa bazarına çıxara bilərlər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə “Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar ” mövzusunda konfrans keçirilir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər.
Konfrans Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma layihələri üçün maliyyələşmənin səfərbər edilməsinə həsr olunub.
Proqrama həmçinin Orta Dəhlizin inkişafı, investisiyaların cəlb edilməsi, yaşıl enerji, dövlət-özəl tərəfdaşlığı, rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri üzrə panel müzakirələri və B2G dəyirmi masaları daxildir. Konfrans Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə, həmçinin infrastruktur, enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində yeni tərəfdaşlıqların formalaşdırılmasına yönəlib.
