Bakı. Trend:
Azərbaycanda korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsini xüsusi tənzimləyən ayrıca qanunun qəbul edilməsi üçün kifayət qədər zəmin yaranıb.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
K.Cəfərov bildirib ki, korrupsiya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən institusional və qanunvericilik islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların səmərəli fəaliyyəti, “ASAN xidmət” modeli, beynəlxalq və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq Azərbaycanın bu sahədə nailiyyətlərindəndir.
Deputat qeyd edib ki, son 20 il ərzində korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət proqramları müxtəlif adlarla sistemli və kompleks şəkildə icra olunur. Onun sözlərinə görə, müzakirə olunan qanun layihəsi də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrası məqsədilə hazırlanıb.
“Bu isə, birincisi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində güclü siyasi iradənin göstəricisidir”, - deyə K.Cəfərov bildirib.
O xatırladıb ki, korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin müdafiəsi məsələsi 2016-cı ildə də qanunvericilikdə tənzimlənib. K.Cəfərov həmin dövrdə Korrupsiyaya qarşı Mübarizə Komissiyasında çalışdığını qeyd edib.
Deputat vurğulayıb ki, hər bir ölkənin özünəməxsus iqtisadi, siyasi və sosial dəyərləri var və korrupsiyaya qarşı mübarizə sahəsində ən yaxşı təcrübələr belə həmin dəyərlərə, sistem və mexanizmlərə uyğunlaşdırılmalı, ilkin olaraq pilot qaydada tətbiq edilməli və bundan sonra nəticələr əsasında yeni model qurulmalıdır.
Onun sözlərinə görə, 2016-cı ildə müvafiq qanun qəbul edilsə də, həmin dövrdə sosial psixologiyanın müəyyən ünsürləri, eləcə də müxtəlif təhdid və təsirlər bu mexanizmlərin tətbiqinə mane olurdu. K.Cəfərov bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Komissiyası müxtəlif təlimlər və görüşlər keçirməklə bu sahədə müəyyən işlər aparıb.
K.Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq icra hakimiyyəti orqanlarına rəhbərləri təyin edərkən korrupsiyaya qarşı mübarizə ilə bağlı səsləndirdiyi fikirlər də vətəndaşlarda, eləcə də dövlət orqanlarında korrupsiyanın şahidi olan şəxslərdə ciddi inam yaradıb.
“Korrupsiya milli təhlükəsizliyə ciddi təhdid hesab edilir və ağır cinayət hesab edilir. Ancaq mənim eyni zamanda bu siyasi fikrimdir ki, mən korrupsiyanı həm də dövlətə xəyanət kimi qiymətləndirirəm”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, bütün bunlar nəzərə alınmaqla, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı ayrıca müstəqil qanunun qəbul edilməsi üçün kifayət qədər zəmin yaranıb və bunu statistik təhlillər də dəstəkləyir.
K.Cəfərov Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın təhlilinə istinadən bildirib ki, 2025-ci ildə korrupsiya barədə daxil olan 5 702 müraciətin 508-i, yəni 8,9 faizi işçinin öz iş yerində baş verən korrupsiya hüquqpozmaları barədə məlumat verməsi ilə bağlı olub.
Deputat bildirib ki, hazırkı qanunvericilikdə korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verən şəxslərin məsələləri həm sadə formada, həm də müxtəlif qanunvericilik aktlarında tənzimlənir.
K.Cəfərov bildirib ki, qanun layihəsinə əsasən, işçi korrupsiya ilə bağlı məlumatı işlədiyi təşkilatın səlahiyyətli struktur bölməsinə, təşkilat rəhbərinə, təşkilat rəhbərindən yuxarı vəzifəli şəxsə, o cümlədən prokurorluq orqanlarına verə bilər.
“Onun seçimi var, o istəsə, dərhal birbaşa korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış quruma verə bilər, yəni prokurorluq orqanlarına. Və ya birbaşa o səlahiyyətli strukturlara verə bilər. Yəni bu seçim onundur, o seçimin şərtləri də orada qanunda açıq formada göstərilibdir”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, məlumat verən işçinin konfidensiallığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi və dəymiş zərərə görə kompensasiya ödənilməsi məsələləri də qanun layihəsində daha yeni və təkmil formada tənzimlənir.
“Məlumat öz təsdiqini tapdıqda məlumat verən işçiyə təşkilatın büdcəsi hesabına maddi mükafat ödənilir. Bu həvəsləndirmə də ən əsas fərqlərdəndir. Çünki cari qanunvericilikdə bu məsələlər yoxdur”, - K.Cəfərov bildirib.
Deputat qeyd edib ki, məlumat verdiyinə görə işçiyə tənbeh tətbiq etmək, onu vəzifədən azad etmək, başqa vəzifəyə keçirmək və digər bu cür tədbirlər görmək mümkün olmayacaq. Onun sözlərinə görə, yalan və böhtan xarakterli məlumatlar isə korrupsiya barədə məlumat verilməsi hesab edilmir.
K.Cəfərov bildirib ki, qanun layihəsinin 18-ci maddəsində onun səmərəli icrasının təmin edilməsi üçün Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin, ümumilikdə isə Komissiyanın qanunun icrasına nəzarəti təmin etməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, Komissiya aidiyyəti qurumlara onlarda müvafiq sistemin necə qurulması ilə bağlı tövsiyələr verməli və onların araşdırmalarının təmin edilməsində iştirak etməlidir.
Deputat daha sonra cəzaların asimmetriyası məsələsini də gündəmə gətirib.
O bildirib ki, hazırda Cinayət Məcəlləsinə əsasən, rüşvət verən şəxs hüquq-mühafizə orqanları bu məsələni aşkar etməmişdən əvvəl könüllü şəkildə həmin məlumatı hüquq-mühafizə orqanına təqdim edərsə, cinayət məsuliyyətindən azad edilir.
K.Cəfərov qeyd edib ki, rüşvət alan şəxslə bağlı isə belə imkan yoxdur. Onun sözlərinə görə, bu məsələ uzun müddət müzakirə olunub və müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur.
“Rüşvət verən şəxs bəzən bunu təzyiqdən və ya bilməyərəkdən və müxtəlif səbəblərdəndir. Ancaq rüşvəti alan şəxs dövlət orqanının əməkdaşı, hansısa vəzifəli şəxs, o artıq qanunları bilir, o bu sahədə çalışır və onun üzərində məsuliyyət daha çoxdur”, - deyə deputat bildirib.
O vurğulayıb ki, bəzi ölkələrdə rüşvət alan şəxsin də məsuliyyətdən azad edilməsi imkanı olsa da, Azərbaycan təcrübəsində belə imkan nəzərdə tutulmur.
