Bakı. Trend:
Uşağın sülh, ləyaqət, tolerantlıq, azadlıq, bərabərlik və həmrəylik ruhunda hərtərəfli və ahəngdar inkişafı davamlı və firavan cəmiyyətlərin qurulması üçün zəruri şərtdir.
Bunu Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin gündəliyinin 66-cı bəndi – “Uşaqların hüquqlarının təşviqi və müdafiəsi” mövzusunda keçirilən iclasında deyib.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin uşaqların hüquqları kimi tanıdığı xüsusi qayğı və yardım səhiyyə və sosial müdafiə xidmətlərinin, eləcə də keyfiyyətli təhsilin təmin edilməsi yolu ilə kompleks şəkildə həyata keçirilməlidir. Uşaqlar üçün bərabər imkanların yaradılması onların sosial və iqtisadi inkişafında daha yüksək nəticələrin əldə olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Uşağın sülh, ləyaqət, tolerantlıq, azadlıq, bərabərlik və həmrəylik ruhunda hərtərəfli və ahəngdar inkişafı davamlı və firavan cəmiyyətlərin qurulması üçün zəruri şərtdir. Bu baxımdan, “Gələcək naminə Pakt”da uşaqlar və gənclər müsbət dəyişikliklərin həyata keçirilməsində mühüm qüvvə kimi tanınır.
Azərbaycanda uşaqlar əhalinin təxminən 30 faizini təşkil edir. Uşaqların müdafiəsi və inkişafı, eləcə də onların insan hüquqlarından tam istifadə etmələrinin təmin olunması dövlətin sosial siyasətində mühüm rol oynayır.
Azərbaycan Prezidentinin təsdiq etdiyi “2020–2030-cu illər üçün Uşaqlar üzrə Milli Strategiya” proqramında əsas məsələlər müəyyənləşdirilir və uşaqların müdafiəsi və inkişafı ilə bağlı problemlərin həllinə yönəlmiş strategiyalar öz əksini tapır. Valideyn himayəsindən məhrum olan, sağlamlıq problemləri yaşayan və münaqişədən zərər çəkmiş ailələrdən olan uşaqlar da daxil olmaqla, həssas qruplara xüsusi diqqət yetirilir.
Eyni zamanda, 2026-cı ildə müasir çağırışların həllinə, müdafiə mexanizmlərinin gücləndirilməsinə və normativ-hüquqi bazanın beynəlxalq standartlara daha da uyğunlaşdırılmasına yönəlmiş “Uşaqların hüquqları haqqında” yeni qanun qəbul edilib. Qanunda dövlətin ümumi məqsəd və öhdəlikləri, uşağın ən üstün maraqlarının təmin olunmasına dair təminatlar, habelə geniş hüquq və azadlıqlar siyahısı müəyyən edilir. Yeni normativ baza Uşaq Hüquqları haqqında Konvensiyadan irəli gələn öhdəlikləri tam şəkildə əks etdirir.
Azərbaycan postmünaqişə dövründə də uşaqların müdafiəsi və inkişafına prioritet əhəmiyyət verir. Bərpa və yenidənqurma işləri çərçivəsində məcburi köçkünlər, o cümlədən uşaqlar öz doğma yerlərinə qayıdırlar. “Böyük Qayıdış” Proqramı çərçivəsində 2026–2027-ci tədris ilində təxminən 4 min şagirdin təhsil müəssisələrində təhsil almasına imkan yaradılıb.
1990-cı illərin əvvəllərində itkin düşmüş 4 mindən çox şəxsdən 71 uşağın taleyi və harada olması postmünaqişə dövründə Azərbaycan üçün ciddi humanitar problem olaraq qalır. İnsanların, o cümlədən uşaqların həyatına təhlükə yaradan digər problem isə ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsidir. 1990-cı illərdən etibarən qəsdən yerləşdirilmiş minalar nəticəsində uşaqlar və gənclər də daxil olmaqla, 3 400-dən çox insan həlak olub və ağır yaralanıb. Bu humanitar problemlərin həlli üçün milli səviyyədə görülən tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi tələb olunur.
Azərbaycan doğuşdan yeniyetməlik dövrünə qədər uşaqların inkişafının hər mərhələsində keyfiyyətli səhiyyə və təhsil xidmətlərinin təmin edilməsinə, eləcə də əlverişli mühitin qorunmasına sadiqliyini bir daha təsdiqləyir”, - deyə Hacıyev bildirib.
