Bakı. Trend:
Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat və rəqəmsal inkişaf üzrə Yol Xəritəsi imzalanıb.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Böyük Britaniyanın Biznes, İnnovasiya və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri Anas Sarvar ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
Nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə Yol Xəritəsi ilə birlikdə Anlaşma Memorandumu imzaladıq və sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək məqsədilə Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəldik.
Həmçinin nəqliyyat infrastrukturunun inkişafı və prioritet layihələrin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, oktyabrın 6-da Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
İclasda Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, siyasi dialoq, iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar və səhiyyə sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Böyük Britaniyanın üç onillikdən artıq müddətdə Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğu vurğulanıb. Qeyd edilib ki, 39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici investordur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi 5,5 dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb, Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə yüksəlib.
2025-ci ildə Azərbaycan və Böyük Britaniya arasında tranzit yükdaşımaların 14 faiz artması nəqliyyat sahəsində əməkdaşlığın müsbət dinamikasının göstəricisi kimi qiymətləndirilib. Orta Dəhliz boyunca infrastruktur və logistika layihələrində Britaniya şirkətlərinin, eləcə də Böyük Britaniyanın İxrac Kredit Agentliyinin - UKEF-in daha fəal iştirakı təşviq edilib. Həmçinin süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri və insan kapitalının inkişafı üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, bu sahələr üzrə Yol Xəritəsinin hazırlanması müzakirə edilib.
İclasın yekununda Protokol, eləcə də yaşıl enerji və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənəd imzalanıb. Sənədlər sırasında “Xlinks” və “Yaşıl Dəhliz Alyansı” arasında Anlaşma Memorandumu, UKEF və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Yol Xəritəsi, eləcə də Britaniyanın müvafiq qurum və şirkətləri ilə nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədləri yer alıb. Həmçinin 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı qəbul edilib.
