Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp keçmiş amerikalı liderlər Co Bayden və Barak Obama, həmçinin dövlət başçısı vəzifəsinə namizəd Hillari Klinton barəsində hüquqi təqibə başlanılmaması barədə qərar qəbul etdiyini bildirib.
“Mən Hillari Klintonla bağlı çox pis bir iş görə bilərdim. Mən Co Baydenlə bağlı çox pis bir iş görə bilərdim. Mən Barak Hüseyn Obama ilə bağlı çox pis bir iş görə bilərdim. Bunun yolverilməz olduğunu düşündüm. Çünki prezidentlik institutuna hörmətlə yanaşmaq lazımdır”, – deyə Ağ Ev rəhbəri jurnalistlərlə söhbətində bildirib.
Tramp ABŞ-ın Respublikaçılar Partiyasını təmsil edir. Obama, Bayden və Klinton isə Demokratlar Partiyasının üzvləridir.
Trampın sözlərinə görə, onun ətrafındakı şəxslər onu Obama, Bayden və Klintonun hüquqi təqibinə başlamağa çağırıb. “Bir çoxları deyirdi: ‘Gəlin, onların işini görək’”, – deyə Tramp bildirib. “Mən isə cavab verdim: xeyr, prezidentlik institutuna münasibətdə belə etmək olmaz”, – deyə o əlavə edib.
Tramp 2024-cü ilin noyabrında keçirilən seçkilərdə ikinci dəfə qalib gəlib. O, Demokratlar Partiyasının namizədi Kamala Harrisə qalib gəlib. Tramp ilk dəfə 2017–2021-ci illərdə prezident vəzifəsini tutub. 2016-cı il seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton ona məğlub olub.
