FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib (VİDEO)

Cəmiyyət Press-reliz 7 Oktyabr 2026 11:30 (UTC +04:00)
FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının vacibliyini xatırladıb.

FHN-dən verilən məlumata görə, havaların soyuması elektrik və qazla işləyən qızdırıcı cihazlara tələbatı artırır. Elektrik və qaz təsərrüfatındakı nasazlıqlar, qeyri-standart və kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.

Nazirlik bildirib ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların, fiziki və hüquqi şəxslərin təhlükəsizlik qaydalarına laqeyd yanaşması insan itkisi, əmlaka və infrastruktura ziyan dəyməsi ilə nəticələnir.

Müraciətdə nasaz və standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə edilməməsi, elektrik və qaz təsərrüfatının daim saz vəziyyətdə saxlanılması, şəbəkələrin quraşdırılması və təmirinin yalnız mütəxəssislərə həvalə olunması tövsiyə edilib. Elektrik xətləri və uzadıcıların zədələnməməsinə, həddindən artıq yüklənməməsinə diqqət yetirilməlidir.

FHN telefon, kompüter və elektrikli skuterlərin mənzil daxilində, xüsusən gecə saatlarında enerji yığmaq üçün nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamasını vurğulayıb. Çoxmənzilli binaların yeraltı avtodayanacaqlarında və digər qapalı ərazilərdə təsdiq edilmiş texniki şərt olmadan elektromobillər üçün elektrik doldurma qurğularının quraşdırılmasına yol verilməməlidir. Tikinti norma və qaydalarına uyğun quraşdırılmış doldurma qurğuları da istifadə zamanı nəzarətsiz saxlanılmamalıdır.

Elektrik və qaz cihazlarından uşaqların istifadəsinə yol verilməməli, həmin cihazlar daim nəzarətdə saxlanılmalıdır. Mənzillərdə, eyvanlarda və pilləkən qəfəslərində tezalışan yanar maddələr saxlanılmamalı, mənzili tərk edərkən elektrik və qaz cihazları işlək vəziyyətdə qoyulmamalıdır.

Nazirlik xəbərdarlıq edib ki, mənzilə daxil olarkən qaz sızmasının olmadığına əmin olmadan işıq yandırmaq, elektrik və qaz cihazlarını işə salmaq, açıq oddan istifadə etmək olmaz. Qaz iyi hiss edildikdə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın girişi bağlanılmalı və mütəxəssis çağırılmalıdır. Tam söndürülməmiş kibrit çöpü və siqaret kötüyü zibil qutusuna və ya eyvandan atılmamalıdır.

Müraciətdə yanğın zamanı davranış qaydaları da açıqlanıb. Ağız və burnu nəm parça ilə tutaraq əyilmiş vəziyyətdə və ya sürünərək hərəkət etmək, digər otaqdan gələn tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə bağlamaq tövsiyə olunub. Yanğının şiddətlənməməsi üçün qapı və pəncərələr bağlanılmalı, mənzili tərk etmək mümkün olmadıqda eyvanda və ya pəncərənin yanında yanğınsöndürənlər gözlənilməlidir. Binanı tərk edərkən liftdən istifadə edilməməlidir.

FHN-in məlumatına görə, çoxmərtəbəli binaların elektrik şaxtasında, mənzillərində və digər sahələrində yanğın baş verdikdə digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk etməməli, giriş qapısının ətrafını nəm parça ilə bağlayaraq tüstüdən qorunmalıdırlar.

Nazirlik təhlükə zamanı 112 qaynar xəttinə zəng edilməsini xatırladıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti