Bakı. Trend:
Azərbaycan aqrar sektorunun inkişafı üçün kənd təsərrüfatının sənaye ilə inteqrasiyasını təmin edən dəyər zəncirinin qurulmasına ehtiyac var. Çünki aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,6 faizini, sənaye isə 50 faizini təşkil edir.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, “Aqrar sahə haqqında” qanun layihəsi müxtəlif qanunlar, aktlar və fərmanlarla tənzimlənən aqrar sahənin vahid qanunla əhatə olunması baxımından müsbət təcrübədir. Onun sözlərinə görə, belə yanaşmanın digər qanunvericilik sahələrinə də tətbiq edilməsi vacibdir.
Tahir Mirkişili qeyd edib ki, qanun layihəsini yalnız hüquqi baxımdan deyil, onun aqrar siyasəti növbəti mərhələyə keçirə biləcək iqtisadi mexanizm yaradıb-yaratmayacağı baxımından qiymətləndirmək lazımdır.
“Biz aqrar ölkə deyilik. Nə qədər Azərbaycan aqrar sektorundan danışsaq da, aqrar sektor Azərbaycanın daxili məhsulunun cəmi 5,6 faizidir. Biz sənaye ölkəsiyik. Azərbaycanın daxili məhsulunun 50 faizi sənayedir”, – deyə deputat vurğulayıb.
O bildirib ki, aqrar sektorun sənaye ilə inteqrasiyasını təmin edən mexanizm və tam dəyər zənciri qurulacağı halda kənd təsərrüfatının inkişafından daha geniş danışmaq mümkün olacaq.
Tahir Mirkişili qeyd edib ki, qanun layihəsinin mühüm xüsusiyyətlərindən biri istehsaldan məhsulun inkişafına qədər dəyər zəncirinin bütün həlqələrini əhatə etməsidir.
Onun sözlərinə görə, layihə aqrar siyasətin fəlsəfəsində də dəyişiklik yaradır. Artıq aqrar siyasət yalnız məhsul istehsalı kimi deyil, bütöv bir zəncir kimi nəzərdən keçirilir.
Deputat dövlət dəstəyinin nəticə yönümlü olmasının da mühüm dəyişiklik olduğunu bildirib. Onun fikrincə, dövlət dəstəyi yalnız fermerin əkin sahəsinin ölçüsünə əsaslanmamalıdır.
“Biz daha çox həmin əkin sahəsində hansı və nə qədər məhsul əldə edildiyinə, nə qədər suya qənaət olunduğuna, nə qədər əmək resurslarından istifadə edildiyinə, nə qədər innovasiya və süni intellekt tətbiq edildiyinə uyğun yanaşmalıyıq”, – deyə o bildirib.
Tahir Mirkişili qanun layihəsində torpaq və su məsələlərinin ayrıca əks olunmasını da müsbət qiymətləndirib. O qeyd edib ki, kənd təsərrüfatında əsas struktur problemlərdən biri torpaqların parçalanması, digəri isə suyun məhdud və qənaətsiz istifadəsidir.
“Bu iki məsələnin qanunda öz əksini tapmasını müsbət sayıram”, – deyə deputat vurğulayıb.
O, ilk dəfə qanunvericilikdə iqlim məsələsinin ayrıca nəzərə alınmasını da mühüm hesab edib. Tahir Mirkişilinin sözlərinə görə, iqlim dəyişiklikləri artıq gələcəyin deyil, bu günün məsələsidir və aqrar sektoru iqlim amilindən ayrı təsəvvür etmək mümkün deyil.
Deputat kənd təsərrüfatının kəndlərin inkişafı ilə əlaqələndirilməsini də qanun layihəsinin mühüm tərəflərindən biri kimi qeyd edib. Onun sözlərinə görə, kənd anlayışı yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Burada məşğulluq, gənclərin, qadınların və qızların təsərrüfata cəlb edilməsi, həmçinin turizm kimi istiqamətlər də nəzərə alınmalıdır.
Tahir Mirkişili bununla yanaşı, qanun layihəsi ilə bağlı bir sıra təkliflərinin olduğunu bildirib.
O qeyd edib ki, layihə ümumi xarakter daşıyır və qanunun qəbulundan sonra əlavə hüquqi aktların hazırlanmasına ehtiyac yarana bilər. Deputat xüsusilə fermerlərin reytinq sisteminin necə müəyyənləşdiriləcəyinin və bunun nə dərəcədə şəffaf olacağının dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu məqsədlə ayrıca sistemin yaradılması və ya Nazirlər Kabinetinin qərarının qəbul edilməsi tələb oluna bilər.
Deputat fermerə yalnız istehsalçı kimi yanaşılmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, fermer eyni zamanda alıcı və istehlakçıdır və onun bazarlıq gücü də nəzərə alınmalıdır.
Tahir Mirkişili qeyd edib ki, fermerlərin iqtisadi subyektlərlə münasibətlərinin tənzimlənməsi üçün əlavə hüquqi mexanizmlərə ehtiyac var. O, ədalətsiz ticarət praktikaları, gecikdirilmiş ödənişlər, birtərəfli müqavilə dəyişiklikləri, məhsulun qəbulundan əsassız imtina və fermerin zəif bazarlıq mövqeyindən sui-istifadə kimi halların ciddi şəkildə tənzimlənməsini vacib sayıb.
O bildirib ki, vaxtilə daxili ticarət haqqında qanunun qəbulu ilə bağlı müzakirələr aparılıb və bu məsələlərin “Aqrar sahə haqqında” qanundan sonra qəbul ediləcək hüquqi aktlarda nəzərə alınması vacibdir.
Tahir Mirkişili torpaqların konsolidasiyası məsələsinə də toxunub. O qeyd edib ki, qanun layihəsində bununla bağlı hüquqi mexanizm nəzərdə tutulsa da, həmin mexanizmlərin kifayət qədər olması ilə bağlı suallar qalır.
“Subsidiya sistemindən konsolidasiyanı həvəsləndirəcək, konsolidasiya olunan torpaqlarda yeni məhsulların artmasına gətirib çıxara biləcək dövlət dəstəyi mexanizminin olmasını çox vacib sayıram”, – deyə deputat bildirib.
O, qanun layihəsində ərzaq təhlükəsizliyinə xüsusi yer ayrıldığını da qeyd edib. Lakin deputat hesab edir ki, ərzaq təhlükəsizliyinin tərifində bu anlayışın əsas sütunlarının hamısı əks olunmalıdır.
Tahir Mirkişilinin sözlərinə görə, iqtisadi baxımdan ərzaq təhlükəsizliyi qidanın mövcudluğu, əlçatanlığı, təhlükəsizliyi və qiymətinin əlçatan olması ilə bağlıdır. O bildirib ki, layihədə yalnız qidanın mövcudluğu və qiymət sabitliyi əks olunub, qidanın əlçatanlığı və təhlükəsizliyi məsələlərinin də əlavə edilməsi məqsədəuyğundur.
Deputat ümumilikdə layihənin yalnız aqrar deyil, eyni zamanda iqtisadi qanunvericilik baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
O bildirib ki, layihədə Azərbaycan iqtisadi siyasətinin mühüm elementlərindən biri olan bazara intervensiya ilə bağlı ayrıca maddə yer alır.
Tahir Mirkişili bu müddəanın diqqətlə tətbiq edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində bazara intervensiyanın həm müsbət, həm də mənfi tərəfləri mövcuddur.
“Bazar iqtisadiyyatı dövründə bazara intervensiyanın həm müsbət, həm də mənfi tərəfləri var və bu, çox ehtiyatla və doğru şəraitdə tətbiq olunmalıdır”, – deyə deputat əlavə edib.
