Bakı. Trend:
Aqrar siyasətin əsas məqsədi yalnız istehsalın həcmini artırmaq deyil, həm də istehsalın davamlılığını, resursların qorunmasını, fermerin iqtisadi dayanıqlığını və gələcək risklərə hazırlığını təmin etməkdir.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, deputat Sadiq Qurbanov Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, “Aqrar sahə haqqında” qanun layihəsi Azərbaycanın aqrar siyasətinin daha sistemli, elmi əsaslı və gələcək risklərə davamlı mərhələyə keçidi üçün hüquqi baza formalaşdırır.
Sadiq Qurbanov bildirib ki, aqrar sahə Azərbaycanın iqtisadi və sosial inkişafında, ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların inkişafında, torpaq, su və digər resurslardan səmərəli istifadədə mühüm rol oynayır.
Onun sözlərinə görə, “Aqrar sahə haqqında” qanun layihəsi aqrar siyasətin gələcək inkişaf modelini müəyyənləşdirən mühüm qanunvericilik bazası kimi qiymətləndirilməlidir.
Deputat qeyd edib ki, aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi, məşğulluq, regionların sosial-iqtisadi inkişafı, ixrac imkanları, su və torpaq ehtiyatlarından istifadə, investisiya və texnoloji yenilənmə ilə birbaşa bağlıdır.
“Qanun layihəsinin əhəmiyyətli cəhətlərindən biri aqrar sahəyə ayrı-ayrı problemlərin məcmusu kimi yox, vahid sistem kimi yanaşmasıdır”, – deyə Sadiq Qurbanov bildirib.
O qeyd edib ki, layihədə dövlətin aqrar sahədə əsas vəzifələri sırasında dayanıqlı aqrar sistemin təmin edilməsi, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin və iqlim dəyişikliklərinə adaptasiyanın təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə, monitorinq, qiymətləndirmə və proqnozlaşdırma, investisiyaların təşviqi və aqrar sığortanın inkişafı kimi istiqamətlər müəyyən edilir.
Deputatın sözlərinə görə, müasir aqrar siyasətin əsas məqsədi yalnız istehsalın həcmini artırmaqla məhdudlaşmamalıdır. Burada istehsalın davamlılığının, resursların qorunmasının, fermerin iqtisadi dayanıqlığının və gələcək risklərə hazırlığının təmin edilməsi də əsas məsələlərdəndir.
Sadiq Qurbanov bildirib ki, aqrar sahə uzunmüddətli planlaşdırma tələb edir və bu gün qəbul edilən qərarın nəticəsi bəzən bir neçə ildən sonra ortaya çıxır.
O, torpağın məhsuldarlığı, su ehtiyatlarının vəziyyəti, yeni texnologiyaların tətbiqi, genetik ehtiyatların, kənd təsərrüfatı toxumlarının qorunması və kənd təsərrüfatı infrastrukturunun qurulması kimi məsələlərin ardıcıl və sistemli siyasət tələb etdiyini vurğulayıb.
Deputat hesab edir ki, qanun layihəsində monitorinq, qiymətləndirmə və proqnozlaşdırmaya xüsusi yer verilməsi mühüm əhəmiyyət daşıyır.
“Aqrar siyasət yalnız mövcud vəziyyətə reaksiya verməklə kifayətlənməməli, gələcək riskləri əvvəlcədən müəyyənləşdirməyə və onlara uyğun tədbirlər görməyə imkan yaratmalıdır”, – deyə o qeyd edib.
Sadiq Qurbanov layihədə iqlim məsələsinin ayrıca hüquqi çərçivədə müəyyənləşdirilməsini də mühüm yenilik kimi qiymətləndirib.
Onun sözlərinə görə, aqrar sahənin gələcək dayanıqlılığı artıq yalnız torpaq və suyun mövcudluğundan deyil, dəyişən iqlim şəraitində bu resursların necə qorunmasından və onlardan necə səmərəli istifadə olunmasından da asılıdır.
Deputat bildirib ki, iqlim dəyişiklikləri kənd təsərrüfatına su ehtiyatlarının azalması və dəyişkənliyi, temperaturun artması, quraqlıq, ekstremal hidrometeoroloji hadisələr, torpaq deqradasiyası və nəticədə məhsuldarlıq riskləri vasitəsilə təsir göstərir.
O qeyd edib ki, layihənin III fəslində iqlim məsələsinin ayrıca hüquqi çərçivədə müəyyənləşdirilməsi və 14-cü maddənin iqlim dəyişiklikləri ilə mübarizə və adaptasiya tədbirlərinə həsr olunması prinsipial əhəmiyyət daşıyır.
Sadiq Qurbanov bildirib ki, 14-cü maddənin məntiqində iki əsas istiqamət bir-birini tamamlayır. Birinci istiqamət iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasıdır.
Bu istiqamətdə aqrar sahədə yaranan tullantıların idarə edilməsi və təkrar istifadəsi, qoruyucu meşə zolaqlarının salınması, ekoloji təmiz və resursqənaətedici texnologiyaların tətbiqi, aşağı emissiyalı və elektrik mühərrikli kənd təsərrüfatı texnikasından istifadənin genişləndirilməsi, heyvandarlıqda emissiyaların azaldılması və maarifləndirmə tədbirləri nəzərdə tutulur.
İkinci istiqamətin isə dəyişən iqlim şəraitində kənd təsərrüfatının adaptasiyası olduğunu deyən deputat iqlim dəyişikliklərinə davamlı bitki sortlarının və heyvan cinslərinin yaradılmasını, təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulmasını, sudan səmərəli istifadəni və alternativ su mənbələrindən istifadə imkanlarının genişləndirilməsini vacib hesab edib.
Sadiq Qurbanov Azərbaycanda FAO və Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşlığı çərçivəsində pambıqçılıqda iqlimə uyğun kənd təsərrüfatı yanaşmalarının tətbiq olunduğunu da diqqətə çatdırıb.
Onun sözlərinə görə, torpaq, su və qida maddələrinin idarə edilməsinin təkmilləşdirilməsi, eləcə də daha məhsuldar sortlardan istifadə nəticəsində layihənin həyata keçirildiyi ərazilərdə pambıq məhsuldarlığının hektardan təxminən 3 tondan 8 tona qədər yüksəldiyi göstərilir.
“Bu nümunə göstərir ki, iqlimə adaptasiya yalnız risklərin qarşısının alınması məsələsi kimi qəbul edilməməlidir. Düzgün texnologiya, elmi yanaşma və resurslardan səmərəli istifadə həm də məhsuldarlığın və fermerin iqtisadi imkanlarının artırılmasına xidmət edə bilər”, – deyə deputat bildirib.
O hesab edir ki, qanunun iqlimlə bağlı müddəalarının tətbiqi zamanı elmi tədqiqat, texnologiya və iqtisadi stimullaşdırma mexanizmləri bir-biri ilə əlaqələndirilməlidir.
Sadiq Qurbanov xüsusilə su məsələsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı üçün su ehtiyatlarının səmərəli idarə olunması gələcək inkişafın əsas şərtlərindən biridir.
Bu baxımdan 14-cü maddədə alternativ su mənbələrinin genişləndirilməsi və sudan səmərəli istifadənin ayrıca göstərilməsinin mühüm istiqamət olduğu qeyd edilib.
Deputat bildirib ki, qanunun icrası mərhələsində regionlar üzrə iqlim risklərinin qiymətləndirilməsi, suya qənaət edən texnologiyaların tətbiqinin stimullaşdırılması, iqlimə davamlı sort və cinslərin yaradılması, erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi və fermerlərin bu prosesə daha fəal cəlb olunması xüsusi diqqətdə saxlanmalıdır.
O vurğulayıb ki, qanun qəbul edildikdən sonra əsas məsələ onun müddəalarının real mexanizmlərlə təmin olunması olacaq.
“Qanunun hüquqi norması öz praktik nəticəsini fermerin istehsal imkanlarında, suya qənaətdə, məhsuldarlığın artmasında, kənd təsərrüfatının rəqabət qabiliyyətinin yüksəlməsində və risklərin azalmasında göstərməlidir”, – deyə Sadiq Qurbanov bildirib.
Deputat hesab edir ki, “Aqrar sahə haqqında” qanun layihəsi Azərbaycanın aqrar siyasətinin daha sistemli, elmi əsaslı və gələcək risklərə davamlı mərhələyə keçidi üçün mühüm hüquqi baza formalaşdırır.
