Bakı.Trend:
Türkiyə ABŞ-nin "Starlink" rabitə sisteminin milli analoqu kimi "Astralink" adlı aşağı Yer orbitli peyk qruplaşması yaratmaq niyyətindədir. 198 peykdən birincisinin iki il ərzində orbitə çıxarılması planlaşdırılır.
Bu barədə Türkiyənin müdafiə sənayesi şirkəti "Aselsan"ın baş direktoru Ahmet Akyol Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresində bildirib.
“Bu layihənin həyata keçirilməsinə ötən ilin sonunda başlamışıq. Qruplaşmamız 198 aşağı Yer orbitli peykdən ibarət olacaq. Onlardan birincisinin iki il ərzində orbitə çıxarılması planlaşdırılır. Sistem yerli ekosistem tərəfindən hazırlanmış öz siqnal formasına, çiplərə və alt sistemlərə malik olacaq”, – deyə Akyol bildirib.
O qeyd edib ki, "Astralink" Türkiyəni və dost ölkələri dayanıqlı rabitə ilə təmin edəcək.
