Bakı.Trend:
İtkin düşənlər məsələsi keçmişin məsələsi deyil. Bu insan hüquqları, ləyaqət və gələcəyimiz qarşısındakı məsuliyyətimiz məsələsidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın İnsan Hüquqları və Qaçqınlar üzrə naziri Sevlid Hurtiç çərşənbə günü İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ailələrin itkin düşmüş əzizlərinin taleyini öyrənmək hüququ humanitar fəaliyyətimizin əsas prinsiplərindən biri olmalıdır.
“Bu hüquq siyasi şəraitdən, zamanın keçməsindən, dövlətlərarası sərhədlərdən və ya fərdlərin maraqlarından asılı olmamalıdır. Bunun köhnəlmə müddəti yoxdur. Ailənin axtarışı dayandırmalı olduğu bir tarix yoxdur. İnsanın hüququ olan həqiqəti əvəz edə biləcək heç bir siyasi şərait yoxdur. Buna görə də itkin düşənlər məsələsi gündəlik siyasətdən, ayrı-seçkilikdən və hər hansı siyasi maraqlardan üstün olmalıdır. Biz itkin düşmüş insanı axtararkən "bizimkini" və ya "onlarınkını" axtarmırıq biz insan axtarırıq.
Təcrübəmiz göstərdi ki, təsisatlararası əməkdaşlıq, beynəlxalq dəstək, məhkəmə-tibbi (forensik) üsullar, DNT analizi, məlumat mübadiləsi və ən əsası heç bir iz qalmadığı göründükdə belə axtarışı davam etdirmək əzmi nə qədər vacibdir. Lakin texnologiya təkbaşına kifayət deyil.
Nazir vurğulayıb ki, etibar olmadan tam əməkdaşlıq ola bilməz.
“Əməkdaşlıq olmadan məlumat mübadiləsi olmaz. Məlumat olmadan yeni izlər tapılmaz. Yeni izlər olmadıqda isə ailələr qeyri-müəyyənlik içində qalmağa davam edər”,- deyə o əlavə edib.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutur.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.
