İtkin düşmə ən ağrılı və davamlı humanitar problemlərdən biridir - Tea Axvlediani

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 11:06 (UTC +04:00)
İtkin düşmə ən ağrılı və davamlı humanitar problemlərdən biridir - Tea Axvlediani
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

İtkin düşmə ən ağrılı və davamlı humanitar problemlərdən biridir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Respublikasının Barışıq və Mülki Bərabərlik üzrə Dövlət Naziri, İtkin düşmüş şəxslərin qalıqlarının tapılması və təhvil verilməsi üzrə Qurumlararası Komissiyanın rəhbəri Tea Axvlediani çərşənbə günü İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bunun təsiri hələ də öz yaxınlarının taleyi haqqında qeyri-müəyyənliklə bəzən onilliklər boyu yaşamaq məcburiyyətində qalan ailələr tərəfindən dərin hiss olunur.

“Müxtəlif ölkələr itkin düşmə problemi ilə bağlı öz tarixi təcrübələrinə malik olsa da və fərqli kontekstlərə uyğun mexanizmlər inkişaf etdirə bilsə də, biz itkin düşmüş şəxslərin taleyinə və yerinə aydınlıq gətirmək və mümkün olduqda onların uzun müddətdir gözləyən ailələrinə cavablar təqdim etmək kimi ortaq humanitar məqsədlə qətiyyətlə birləşirik.

Məhz bizim ortaq məsuliyyətimiz bu gün bizi davamlı öhdəliyi, çoxtərəfli əməkdaşlığı gücləndirmək, eləcə də dövlətlərin, beynəlxalq təşkilatların, akademik dairələrin və mülki cəmiyyətin təcrübəsini birləşdirmək üçün bir araya gətirir”,- deyə o bildirib.

Nazir əlavə edib ki, axtarış və məhkəmə-ekspertiza mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, etimadın yaradılması və sıx əməkdaşlıq etnik mənsubiyyətindən asılı olmayaraq bütün itkin düşmüş şəxslərin axtarılması və hesablanması məqsədə çatmaq üçün əsas mərhələ olaraq qalır.

Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə baş tutur.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti