Yeni qanunun adını “Əkindən bazara qədər” qoymaq olar - Siyavuş Novruzov

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 11:40 (UTC +04:00)
Yeni qanunun adını “Əkindən bazara qədər” qoymaq olar - Siyavuş Novruzov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Aqrar sahə haqqında” qanun layihəsi torpağın əkilməsindən kənd təsərrüfatı məhsulunun istehsalına, sertifikatlaşdırılmasına, bazara çıxarılmasına və satışına qədər bütün mərhələləri əhatə edir və bu baxımdan onun adını “Əkindən bazara qədər” qoymaq olar.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov Aqrar siyasət komitəsinin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Siyavuş Novruzov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı istiqamətində işlər və islahatlar aparılır, həmin ərazilərdə istehsal olunan kənd təsərrüfatı məhsulları artıq dünya bazarlarına çıxarılır.

Onun sözlərinə görə, bu, arıçılıq, meyvəçilik, tərəvəzçilik və digər sahələrə də aiddir.

“Bu baxımdan, vaxtında qəbul olunan bu qanun layihəsi də məsələnin mahiyyətini daha da artıracaqdır. Mən deyərdim ki, əslində elə bu qanun layihəsinin adını biz qoymalı idik: “Əkindən bazara qədər”, – deyə deputat bildirib.

O qeyd edib ki, qanun layihəsində torpağın əkilməsindən başlayaraq məhsulun istehsalına, onun sertifikatlaşdırılmasına, digər proseslərə, tam bazara çatdırılmasına və satışına qədər hər bir detal öz əksini tapıb.

Siyavuş Novruzovun sözlərinə görə, qanun layihəsinin hər bir maddəsində ölkədə kənd təsərrüfatı texnikasından, kadrlardan və digər məsələlərdən bağlı müddəalar da öz yerini tapıb.

Deputat bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının qurultayında iştirak etdiklərini də qeyd edib. Bildirib ki, qurultayda Prezident İlham Əliyev proqram xarakterli çıxış edib və qurultay nümayəndələri, eləcə də Azərbaycan xalqı qarşısında qarşıda duran vəzifələri müəyyənləşdirib.

Onun sözlərinə görə, Prezident çıxışında xüsusilə ərzaq təhlükəsizliyi məsələsinə toxunub.

“Bu gün ərzaq təhlükəsizliyi dünyada enerji təhlükəsizliyi və digər təhlükəsizlik məsələləri ilə bərabər tutulur. Bu baxımdan ərzaq təhlükəsizliyinin təminatı indi ön plana keçir. Bu, çox vacib məsələlərdəndir”, – deyə Siyavuş Novruzov vurğulayıb.

O hesab edir ki, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsində ön sıralarda olan ölkələrdəndir və bu istiqamətdə öz addımlarını atıb.

Siyavuş Novruzov bildirib ki, “Aqrar sahə haqqında” qanun layihəsinin həyata keçirilməsindən sonra geniş kadr bazasına ehtiyac yaranacaq və bu, yeni iş yerlərinin açılması deməkdir.

Deputat qeyd edib ki, hazırda insanların böyük əksəriyyəti hüquq, tibb və digər fakültələrə üstünlük verir. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən aqrar və baytarlıq sahələrində geniş mütəxəssis ehtiyacı var.

“Və hər bir fermer təsərrüfatında, kənd təsərrüfatı ilə bağlı hər bir qurumda mütləq kənd təsərrüfatı mütəxəssisi olmalıdır. Çünki hər bir şey elmə bağlıdır. Elm və praktikanın birliyi böyük məhsuldarlığın olmasına gətirib çıxarır”, – deyə deputat bildirib.

O bildirib ki, kadrların yetişdirilməsinə təhsil müəssisələri də xüsusi diqqət yetirməlidir. Siyavuş Novruzov qeyd edib ki, Aqrar Universitetin rektorunun iclasda iştirak etməsi müsbət haldır və gələcəkdə həmin sahələrdə təhsilin genişləndirilməsinə, daha çox tələbənin hazırlanmasına ehtiyac olacaq.

Deputatın sözlərinə görə, təhsili başa çatdırdıqdan sonra tələbələrin praktiki fəaliyyət imkanları da genişdir. Hazırda bu istiqamətdə geniş sahələrdə iş yerləri açılıb və tələbələr həm praktika keçir, həm öyrənir, həm də nəzəriyyə ilə praktikanın birliyini həyata keçirirlər.

“Bu baxımdan burada da kadrların olmasına geniş yer olacaqdır”, – deyə o əlavə edib.

Siyavuş Novruzov Regional məsələlər komitəsinin bələdiyyələr və regionlarla bağlı həyata keçirdiyi işlərdən də danışıb.

O qeyd edib ki, Regional məsələlər komitəsi bələdiyyələrə və regionlara aid istiqamətlər üzrə addımlar atır və bu sahədə layihələr hazırlayaraq həyata keçirir.

Deputat bildirib ki, bələdiyyələrin sərəncamında örüş yerləri, kənd təsərrüfatına yararlı torpaqlar və digər torpaq sahələri mövcuddur. Bu torpaqların icarəyə verilməsi yolu ilə bələdiyyələr vəsait əldə edir və öz fondlarını formalaşdırırlar.

Onun sözlərinə görə, gələcəkdə “Aqrar sahə haqqında” qanun layihəsi tətbiq edildikdən sonra bələdiyyələrin örüş sahələrində və kənd təsərrüfatına yararlı torpaqlarda əkin aparması, bələdiyyə torpaqlarından məhsuldarlıq əldə edərək həmin məhsulu bazara çıxarması mümkün ola bilər.

Siyavuş Novruzov örüş sahələrindən heyvanların saxlanılması, arıçılıq və digər kənd təsərrüfatı fəaliyyətləri üçün də istifadə edilməsinin mümkünlüyünü qeyd edib.

“Onda daha geniş şəkildə görərik ki, bələdiyyələrin qazancları da artacaq. Əldə olunan gəlirlərdən əhalinin abadlıq və quruculuq işlərinə xeyli vəsait sərf olunacaq”, – deyə deputat bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti