Bakı.Trend:
Dünyada iqlim dəyişikliyi və münaqişələr səbəbindən itkin düşən miqrantların sayı getdikcə artır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq İtkin Düşmüş Şəxslər üzrə Komissiyanın (ICMP) Baş direktoru Ketrin Bomberger çərşənbə günü İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün Avropada bu rəqəmlər dəhşətli dərəcədə yüksəkdir.
“Qlobal istiləşmə, miqrasiya və diskrıminasiya da insanların itkin düşməsinin digər səbəbləridir. Biz itkin düşmüş şəxslərin ailələrinin hüquqlarını bərpa etmək istəyirik. İtkin düşənlərin ailələrinin, əlbəttə ki, həqiqəti bilmək, ədalət tələb etmək və təzminat almaq hüququ var. Onlar itkin düşmüş doğmalarının harada olduğunu öyrənməlidirlər. Buna görə də biz faktları müəyyən etməli və qeyri-müəyyənliyi aradan qaldırmalıyıq.
Həmçinin hüququn aliliyini möhkəmləndirməliyik. Təsisatlara inamı artırmalı, ədaləti və məsuliyyəti dəstəkləməli, barışığa töhfə verməliyik”,- deyə K.Bomberger bildirib.
O əlavə edib ki, Azərbaycan məhz buna görə bu gün hər kəsi belə bir səviyyədə, bu qədər fərqli ölkəni buraya topladığı üçün təqdir olunmalıdır.
“Çünki bu, yalnız bir ölkənin problemi deyil, qlobal bir məsələdir. İtkin düşmüş şəxslərin hesabının aparılması istiqamətində qətiyyətimizi gücləndirmək bu işi görməyimizin əsas səbəbidir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.
