Kənd təsərrüfatı məhsullarının qiymət artımı hər kəsi düşündürür - Tahir Rzayev

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 11:10 (UTC +04:00)
Kənd təsərrüfatı məhsullarının qiymət artımı hər kəsi düşündürür - Tahir Rzayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılması, bazar iqtisadiyyatının genişləndirilməsi və aqrar sektorun inkişafı ilə yanaşı, bəzi kənd təsərrüfatı məhsullarının qiymətinin artması da hər kəsi düşündürür.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev komitənin bugünkü iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin təqdimatı zamanı deyib.

Tahir Rzayev bildirib ki, “Aqrar sahə haqqında” qanun layihəsi Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gəlib.

Onun sözlərinə görə, layihə aqrar sahədə dövlət tənzimlənməsi və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.

Deputat qeyd edib ki, sənəd geniş və əhatəlidir, aqrar sektorun bütün sahələrini əhatə etməklə qanunvericilik əsasında onun idarəetmə və inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirir.

Tahir Rzayev bildirib ki, aqrar sahədə çoxsaylı qanunlar mövcud olsa da, müasir dövr onların sistemləşdirilməsini, sahənin vahid qanunvericilik bazasının yaradılmasını və hüquqi çərçivədə vahid yanaşmanın formalaşdırılmasını zəruri edir.

“Bu baxımdan təqdim olunan qanun layihəsi baza qanunu – xüsusi qanunlar modeli kimi xarakterizə olunur”, – deyə komitə sədri bildirib.

O qeyd edib ki, qanun qəbul ediləcəyi təqdirdə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar ləğv olunacaq. Həmin qanunların aktual müddəaları yeni qanuna daxil ediləcək.

Tahir Rzayev vurğulayıb ki, aqrar sektorda baş verən yeniliklər, əldə olunan nəticələr, qəbul edilən qanun və sənədlər, görülən işlər deputatları və ictimaiyyəti ciddi maraqlandırır.

O bildirib ki, kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılması əsas məqsədlərdən biridir. Eyni zamanda bazar iqtisadiyyatının genişləndirilməsi və aqrar sektorun inkişafı ilə yanaşı, bəzi məhsulların qiymətinin artması da diqqətdə saxlanılmalıdır.

“Dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlər, əldə olunan nəticələr, imzalanan sənədlər və qəbul olunan qanunlar geniş təşviq olunmalıdır”, – deyə Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, layihə ölkənin ərzaq təhlükəsizliyinin və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsinə, məşğulluğun artırılmasına, kənddən şəhərə axının azaldılmasına, aqrar sahənin rəqabət qabiliyyətinin, investisiya cəlbediciliyinin və ixrac potensialının yüksəldilməsinə yönəlib.

Deputat qeyd edib ki, dəstək mexanizminin təkmilləşdirilməsi, insan resurslarının hazırlanması, heyvan və bitki sağlamlığının qorunması, iqtisadi fəaliyyətin şaxələndirilməsi də layihənin başlıca istiqamətləri sırasındadır.

O bildirib ki, layihədə aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, dövlət nəzarətinin təşkili və həyata keçirilməsi də vacib istiqamətlər kimi müəyyən edilir.

Tahir Rzayevin sözlərinə görə, təbii resursların, o cümlədən torpaq və su ehtiyatlarının qorunması, ekoloji tarazlığın gözlənilməsi, heyvandarlıq və heyvan sağlamlığı, aqrar xidmətlərin göstərilməsi dövlət orqanlarının birgə fəaliyyətini zəruri edir.

“Aqrar sektor çətin və məsuliyyətli sahədir. O, çevik idarəetmə, qarşılıqlı əlaqələr və sağlam münasibətlər tələb edir”, – deyə deputat vurğulayıb.

Tahir Rzayev bildirib ki, qanun layihəsinin müzakirəsinə də məhz bu yanaşma ilə baxılıb və müvafiq komitələrin sədrləri, dövlət orqanlarının nümayəndələri müzakirəyə dəvət olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti