Bakı.Trend:
"Google Chrome" Azərbaycanda populyarlığına görə liderliyini qoruyub-saxlayır.
Trend agentliyinin "Global Stats" Statistika Mərkəzinin məlumatları əsasında apardığı hesablamalara görə, sentyabr ayında "Google Chrome"un bazar payı 78,33 faiz təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 2,15 faiz bəndi azdır.
Qeyd olunur ki, hesabat dövründə Safari internet brauzerinin Azərbaycan bazarındakı payı 8,49 faiz təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,04 faiz bəndi artım deməkdir.
"Global Stats"ın məlumatına görə, siyahıda növbəti sırada "Firefox" internet brauzeri qərarlaşıb. Mərkəzin məlumatına əsasən, bu brauzerin Azərbaycan bazarındakı payı 0,65 faiz bəndi artaraq 5,47 faizə çatıb.
"Global Stats" Statistika Mərkəzinin məlumatına əsasən, hesabat dövründə "Samsung" internet brauzerinin payı 0,25 faiz bəndi artaraq 3,92 faizə, "Edge" brauzerinin payı isə 0,18 faiz bəndi artaraq 2,09 faizə yüksəlib.
Vurğulanır ki, hesabat dövründə "Opera" internet brauzerinin bazar payı 0,03 faiz bəndi artaraq 1,07 faiz təşkil edib. Agentliyin hesablamalarına görə, cari ilin sentyabrında "Yandex Browser" internet brauzerinin payı əvvəlki ayla müqayisədə 0,02 faiz bəndi artaraq 0,39 faiz olub.
Qeyd edək ki, "Google Chrome"un saytında yayımlanan məlumata görə, oktyabrın 6-da "Google Android" üçün "Chrome" 155 — 155.0.8059.39 versiyasını təqdim edib. Yeniləmə tədricən "Google Play"də əlçatan olur. "Google" bildirir ki, yeniləməyə sabitlik və məhsuldarlığın yaxşılaşdırılması daxildir.
Qeyd olunur ki, oktyabrın 6-da kompüterlər üçün "Chrome"un stabil versiyası da aşağıdakı versiyalara yenilənib:
Windows və Mac: 155.0.8059.39/.40
Linux: 155.0.8059.39
