Bakı. Trend:
Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən və fəal şəkildə irəlilədilən “Piyada əleyhinə minaların insan hüquqlarından tam istifadəyə təsiri: Zərərçəkənlərə yardımın gücləndirilməsi” adlı qətnamə qəbul edilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qətnaməyə 70 dövlət həmmüəllif qismində qoşulub
və sənəd səsvermə keçirilmədən qəbul edilib:
"Azərbaycan sessiya çərçivəsində bu mühüm birgə təşəbbüsün gündəmdə
saxlanılması və təşviqi məqsədilə ictimai dialoq təşkil edib,
habelə mövzuya həsr olunmuş yan tədbirin həmtəşkilatçısı qismində
çıxış edib.
Dünyada mina ilə ən ciddi şəkildə çirklənmiş ölkələrdən biri olan
Azərbaycan piyada əleyhinə minaların yaratdığı kəskin problemdən
əziyyət çəkir. Piyada əleyhinə minalar və partlamamış hərbi
sursatlar insan hüquqlarından tam istifadəyə uzunmüddətli və ağır
təsir göstərməklə, zərərçəkənlərin, onların ailə üzvlərinin
həyatına ciddi fəsadlar törədir. Bu baxımdan, qətnamədə
zərərçəkənlərə yardım məsələsinə xüsusi diqqət yetirilməsini
alqışlayırıq.
Mina fəaliyyəti davamlı sülhün təməl elementlərindən biridir və
münaqişədən sonrakı bərpa prosesində mühüm rol oynayır. Mina
təmizlənməsi keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və
ləyaqətli qayıdışına şərait yaratmaqla yanaşı, münaqişədən zərər
çəkmiş ərazilərin və icmaların bərpasına, habelə sosial-iqtisadi
inkişafın təmin olunmasına mühüm töhfə verir.
Qətnamədə mina fəaliyyəti, sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə
nail olunması arasında qarşılıqlı əlaqəyə mühüm diqqət
yetirilməsini təqdir edirik. Mina təmizlənməsi, həmçinin iqlimlə
bağlı risklərə daha səmərəli uyğunlaşmanın təmin edilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, qətnamənin insan
hüquqları kontekstində mina fəaliyyəti ilə iqlim risklərinə
uyğunlaşma arasındakı əlaqəyə dair anlayışın formalaşdırılması və
dərinləşdirilməsinə töhfə verməsini vacib hesab edirik.
Minaların törətdiyi itkilərin miqyası, xüsusilə mina fəaliyyəti və
zərərçəkənlərə yardım üçün daha güclü beynəlxalq dəstəyin,
tərəfdaşlıqların və davamlı maliyyələşmənin səfərbər edilməsinin
vacibliyini bir daha nümayiş etdirir. Bu baxımdan, BMT İnsan
Hüquqları Şurasının üzv dövlətləri mina təmizlənməsi və
zərərçəkənlərə yardım üçün maliyyələşməni artırmağa, o cümlədən
alternativ maliyyələşdirmə mənbələrindən və dövlət-özəl
tərəfdaşlıqlardan istifadə etməyə çağırmasını alqışlayırıq.
Azərbaycan mina təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın,
həmrəyliyin və davamlı dəstəyin gücləndirilməsinin vacibliyini bir
daha vurğulayır və mina fəaliyyətinin insan hüquqlarının qorunması,
davamlı sülh və inkişafın təmin olunmasına verdiyi töhfəni yüksək
qiymətləndirir".
