Bakı. Trend:
Oktyabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Bu barədə Xarici İşlər Nazilriyi məlumat yayıb.
Nazir çıxışında, artan qlobal gərginlik fonunda beynəlxalq
hüququn fundamental norma və prinsiplərinə riayət olunmasının
xüsusi əhəmiyyət kəsb etdiyini, qarşılıqlı hörmət və maraqlar
əsasında ölkələrarası əməkdaşlığın regional sabitlik, təhlükəsizlik
və dayanıqlı inkişaf üçün mühüm amil olduğunu vurğulayıb.
Çıxışda, MDB-nin yaranmasının 35 illiyi və Dövlətlərarası Humanitar
Əməkdaşlıq Fondunun 20 illiyi qeyd edilərək, Birliyin
bərabərhüquqlu dialoq və çoxtərəfli əməkdaşlıq platforması kimi
rolu vurğulanıb. Humanitar əməkdaşlığın gündəlikdəki mühüm yerindən
bəhs edən nazir, 2027-2028-ci illər üzrə iki yüzdən çox tədbiri
özündə cəmləşdirən Prioritet Tədbirlər Planının önəmini diqqətə
çatdırıb. Eyni zamanda, Azərbaycanda keçirilmiş III MDB Oyunları və
Laçın şəhərində “2025-ci il MDB-nin Mədəniyyət paytaxtı”
çərçivəsində həyata keçirilən tədbirlərin Birlik məkanında
mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa mühüm töhfə
verdiyi qeyd olunub.
Azərbaycanın MDB dövlətləri ilə ticari-iqtisadi və nəqliyyat
sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət
verdiyi bildirilib. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə
də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan
irimiqyaslı sərmayələr nəticəsində Şərq-Qərb və Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu
infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirildiyi diqqətə
çatdırılıb. Bu addımların regionun tranzit və iqtisadi
potensialının tam reallaşdırılmasına kömək edəcəyi bildirilib.
Sonda nazir Ceyhun Bayramov Azərbaycanın bütün MDB dövlətləri ilə
mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə
sadiq qaldığını bir daha təsdiqləyib. Özbəkistanın xarici işlər
naziri Bəxtiyor Səidova ölkəsinin MDB-də qarşıdan gələn sədrliyi
çərçivəsində uğurlar arzulanıb və Azərbaycan tərəfinin qarşıya
qoyulan vəzifələrin həllində lazımi dəstəyi göstərməyə hazır olduğu
diqqətə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin bir sıra qarşılıqlı maraq doğuran
çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb, dövlət və hökumət başçıları tərəfindən qəbul ediləcək bir
sıra qərar layihələri nəzərdən keçirilib.
