Göz içi linza seçimində yaş əsas meyar deyil – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqladı

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 17:01 (UTC +04:00)
Göz içi linza seçimində yaş əsas meyar deyil – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır”.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazadə açıqlayıb.

Onun sözlərinə görə, bu linzalar əsasən kataraktı olan şəxslərdə, eləcə də 40–45 yaşdan sonra presbiopiya — yaşa bağlı yaxını görmənin zəifləməsi — yaranan pasiyentlərdə tətbiq olunur: “Uşaqlar və gənclərdə isə göz hələ inkişafda olduğu və akkomodasiya (fokuslanma) qabiliyyəti qorunduğu üçün multifokal linzalar adətən seçilmir. Multifokal və trifokal linzalar hər kəs üçün uyğun deyil. Tor qişanın xəstəlikləri — yaşa bağlı makula degenerasiyası, diabetik retinopatiya, epiretinal membran —, qlaukomanın irəliləmiş mərhələsi və görmə sinirinin xəstəlikləri olan şəxslərdə bu linzalar gözlənilən nəticəni verməyə bilər”.

Mütəxəssis-ekspert qeyd edib ki, keratokonus, buynuz qişanın qeyri-düzgün astiqmatizmi, əvvəllər buynuz qişada aparılmış bəzi əməliyyatlar və büllur bağlarının zəifliyi də nisbi əks-göstərişlər hesab olunur: “Ağır quru göz sindromu əməliyyatdan əvvəl mütləq müalicə edilməlidir. Əks halda, ölçmələr düzgün alınmır və görmə keyfiyyəti aşağı düşür. Gecə çox maşın sürən pasiyentlərdə isə işıq ətrafında halo və parıltılar narahatlıq yarada bilər. Belə hallarda EDOF və ya monofokal linzalara üstünlük verilir. Buna görə də linza seçimi yalnız hərtərəfli müayinədən sonra həkim tərəfindən fərdi qaydada müəyyən edilir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti