Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov Orta Dəhliz və regional əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bu barədə Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, oktyabrın 7-də Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Türkmənistana işgüzar səfəri
çərçivəsində “Avaza” Milli Turizm Zonasında keçirilən Mərkəzi Asiya
dövlətləri və Azərbaycanın xarici işlər nazirlərinin müşavirəsində
iştirak və çıxış edib.
Nazir Ceyhun Bayramov müşavirənin ali səviyyəli Sammit ərəfəsində
keçirilməsinin əməkdaşlığın əsas istiqamətləri üzrə ilkin
müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Ötən
il Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü
formatına tamhüquqlu üzv qəbul edilməsinin ölkələrimiz arasında
tarixi və mədəni bağlara, qarşılıqlı etimada və birgə strateji
maraqlara əsaslanan dərin inteqrasiya proseslərinin göstəricisi
olduğu qeyd edilib.
Müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və
təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və
enerji təhlükəsizliyi üçün regional əməkdaşlığın
dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Bu çərçivədə, C6
formatı iştirakçıları arasında bərabərhüquqlu və etimada əsaslanan
siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların
genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.
Nazir strateji əhəmiyyət kəsb edən nəqliyyat və enerji
sahələrindəki əməkdaşlığa toxunaraq, Şərqlə Qərb arasında dayanıqlı
əlaqələrin formalaşmasında və beynəlxalq ticarətdə Orta Dəhlizin
artan rolunu qeyd edib. Həmçinin, yaşıl enerjinin istehsalı və
ötürülməsi sahəsində ölkələrimiz arasında inkişaf edən strateji
tərəfdaşlığın, eləcə də nəqliyyat və rəqəmsal bağlantı
layihələrinin regionun potensialının tam reallaşdırılması üçün
əhəmiyyəti vurğulanıb.
Çıxışda ekoloji gündəliyə xüsusi diqqət ayrılıb. İqlim
dəyişikliyinin fəsadları, Aral dənizi və su problemləri ilə yanaşı,
Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsinin sahil
infrastrukturuna və ekoloji vəziyyətə mənfi təsiri qeyd olunaraq
ciddi narahatlıq ifadə edilib. Bu problemlərin həlli üçün sistemli
elmi yanaşma, məlumat mübadiləsi və regional əməkdaşlığın vacibliyi
diqqətə çatdırılıb.
Sonda nazir Ceyhun Bayramov müşavirənin yekunlarına əsasən qəbul
ediləcək sənədlərin və əldə olunacaq razılaşmaların gələcək
uzunmüddətli əməkdaşlıq üçün aydın istiqamət olacağına əminliyini
ifadə edib.
Azərbaycanın bu formatın möhkəmlənməsinə və qarşıya qoyulan
vəzifələrin icrasına fəal töhfə verməyə hazır olduğu bir daha
təsdiqlənib.
