Bakı. Trend:
Fransanın Baş naziri Sebastien Lekornü ölkə üzrə artıq üçüncü həftədir davam edən lisey şagirdlərinin nümayişlərinin əsaslı olduğunu etiraf edib.
“Gənclərin qəzəbi heç nədən yaranmayıb”, – deyə o, hökumətin “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan çıxışı zamanı bildirib. “Hökumətin və siyasi partiyaların vəzifəsi etimadı bərpa etməkdir və bu, dialoqdan başlamalıdır. Gənclərə müxtəlif vədlər verilib, lakin onlar yerinə yetirilməyib”.
Lekornü bildirib ki, noyabrın 12-də parlamentdə milli təhsil üçün yeni büdcə layihəsinə baxılacaq. “Hökumət praqmatik şəkildə hərəkət edəcək”, – deyə o vəd verib. Eyni zamanda baş nazir əmin edib ki, hakimiyyət hüquq-mühafizə orqanlarına gənc vətəndaşlarla sərt qarşıdurmaya dair heç bir göstəriş verməyib.
“L’Union étudiante” (“Tələbə İttifaqı”) assosiasiyasının nümayəndələri hökumətin mövqeyindən narazılıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, baş nazirin çıxışında təhsil sahəsində vəziyyətin yaxşılaşdırılmasına dair konkret təkliflər səslənməyib. Onların fikrincə, liseylərin yararsız vəziyyətdə olması, bir çox fənlər üzrə müəllim çatışmazlığı və balanslaşdırılmamış dərs cədvəli də daxil olmaqla, təxirəsalınmaz problemlərin həlli üçün ən azı 10 milyard avro tələb olunur.
Öz növbəsində BFMTV telekanalı baş nazirin lisey şagirdlərinin tələblərini eşitdiyinə şübhə edib. Solçu “Tabe olmayan Fransa” (“La France insoumise”) partiyasından prezidentliyə namizəd Jan-Lük Melenşonun fikrincə, “ölkədə 1968-ci ilin mayından bəri lisey şagirdləri və tələbələrin ən güclü hərəkatı yaranır”. 1968-ci ilin mayında Fransada universitetlərdə təhsil şəraiti ilə bağlı tələbə iğtişaşları başlamış, sonradan bu aksiyalara 10 milyon işçi qoşulmuşdu.
Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonunda paytaxtın yerləşdiyi İl-de-Frans regionunda başlayıb və qısa müddətdə bütün Fransanı bürüyən iğtişaşlara çevrilib. Bəzi şəhərlərdə etirazçılarla polis arasında ciddi toqquşmalar baş verir. Belə ki, ölkənin şimalındakı Pa-de-Kale departamentinin Lans kommunasında nümayiş iştirakçılarından birinin, ilkin məlumatlara görə, əl biləyi qopub.
Etirazlar başlayandan bəri jandarm və polis əməkdaşları 6,6 mindən çox şəxsi saxlayıb. Saxlanılanların 90 faizini yetkinlik yaşına çatmayanlar təşkil edib.
