Bakı.Trend:
"Android" əməliyyat sisteminin Azərbaycan bazarındakı payı artıb.
Trend agentliyinin "Global Stats Statistika Mərkəzinin" məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin sentyabr ayının yekunlarına əsasən, "Android" əməliyyat sisteminin Azərbaycan bazarındakı payı əvvəlki ayla müqayisədə 9,2 faiz bəndi artaraq 56,45 faiz təşkil edib.
Qeyd olunur ki, "Android" Azərbaycanda əməliyyat sistemləri bazarında liderliyini qoruyub. Populyarlığına görə ikinci yeri Microsoft Windows tutub. Bu əməliyyat sisteminin payı əvvəlki ayla müqayisədə 4,97 faiz bəndi azalaraq 29,67 faizə düşüb. Üçüncü yerdə 10,48 faiz bazar payı ilə iOS qərarlaşıb. Avqust ayı ilə müqayisədə bu göstərici 0,3 faiz bəndi artıb.
"Global Stats"ın məlumatına görə, 2026-cı ilin sentyabr ayının yekunlarına əsasən, "Android" dünya üzrə əməliyyat sistemləri bazarında da liderliyini qoruyub. İkinci yeri "Microsoft Windows", üçüncü yeri isə iOS tutub.
"Android"in saytında yayımlanan məlumata görə, "Android" 17 artıq Android əməliyyat sisteminin aktual əsas versiyasıdır. Qeyd olunur ki, hazırda Google bu versiya üçün yeniləmələr yayımlamaqda davam edir. Oktyabrın 2-də isə dəstəklənən cihazlar üçün növbəti rüblük yeniləmə olan "Android" 17 QPR 3 Beta 1 təqdim edilib.
“Android 17-nin ilkin buraxılışını inkişaf etdirərək, platformanı yeniləməyə, müəyyən edilmiş problemləri aradan qaldırmağa və daha sonra dəstəklənən cihazlara təqdim edilən təkmilləşdirmələr həyata keçirməyə davam edirik. Bu yeniləmələr Quarterly Platform Releases (QPR) çərçivəsində rüblük olaraq buraxılır və həm AOSP-də, həm də "Feature Drops" tərkibində "Google Pixel" cihazlarında əlçatan olur.
Bu yeniləmələr tətbiqlərin işinə təsir edən API dəyişikliklərini ehtiva etməsə də, zərurət yarandıqda tərtibatçıların tətbiqlərini bu versiyalarda sınaqdan keçirə bilməsi üçün QPR-in ən son beta versiyalarının görüntülərini təqdim edirik. Məsələn, tətbiqdən istifadə zamanı istifadəçi təcrübəsinə təsir göstərə biləcək yeni funksiyalar planlaşdırılırsa, tərtibatçılar həmin funksiyaları sınaqdan keçirə bilərlər”, - məlumatda deyilir.
