Bakı.Trend:
EIA 2026-2027-ci illər üzrə dünyada maye karbohidrogenlərin hasilatına dair proqnozlarını yeniləyib.
ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) qısamüddətli enerji proqnozunda qeyd olunur ki, 2026-cı ildə dünyada neft və digər maye karbohidrogenlərin hasilatı günə 5,2 milyon barel azalaraq 106,29 milyon bareldən 101,09 milyon barelə düşəcək.
EIA-nın rüblük proqnozuna əsasən, 2026-cı ilin birinci rübündə dünyada neft və digər maye karbohidrogenlərin hasilatı günə 103,66 milyon barel, ikinci rübdə 96,49 milyon barel, üçüncü rübdə 101,25 milyon barel təşkil edib, dördüncü rübdə isə 102,97 milyon barel olacaq.
EIA-nın hesabatına görə, 2027-ci ildə dünyada maye karbohidrogenlərin hasilatı günə 109,55 milyon barelə çatacaq.
Agentliyin proqnozuna əsasən, 2027-ci ilin birinci rübündə dünyada neft və digər maye karbohidrogenlərin hasilatı sutkada 106,11 milyon barel, ikinci rübdə 109,55 milyon barel, üçüncü rübdə 110,92 milyon barel, dördüncü rübdə isə 111,55 milyon barel təşkil edəcək.
Qeyd edək ki, EIA 2026-cı ilin dördüncü rübündə “Brent” markalı neftin orta spot qiyməti üzrə proqnozunu bir barel üçün 105 dollara yüksəldib. Bu, əvvəlki proqnozdan 14 dollar çoxdur. Qurumun bildirdiyinə görə, proqnozun artırılması Yaxın Şərqdən neft tədarükündə davam edən fasilələr, neft infrastrukturuna hücumlar, nəqliyyat xərcləri və sığorta haqlarının artması, eləcə də dünya üzrə neft ehtiyatlarının azalması ilə əlaqədardır.
EIA-nın qiymətləndirməsinə görə, sentyabr ayında “Brent” neftinin orta qiyməti bir barel üçün 114 dollar təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 23 dollar çoxdur. Qurum 2026-cı ilin dördüncü rübündə tədarükdəki fasilələr səbəbindən sutkada orta hesabla təxminən 4,5 milyon barel neft hasilatının dayandırılacağını gözləyir.
