Azərbaycan və Mərkəzi Asiya daha sıx iqtisadi əməkdaşlığa keçmək üçün potensiala malikdir - Tacikistan Prezidenti

Siyasət Xəbər 8 Oktyabr 2026 11:22 (UTC +04:00)
Azərbaycan və Mərkəzi Asiya daha sıx iqtisadi əməkdaşlığa keçmək üçün potensiala malikdir - Tacikistan Prezidenti
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türkmənbaşı.Trend:

Azərbaycan və Mərkəzi Asiya daha sıx iqtisadi əməkdaşlığa keçmək üçün potensiala malikdir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.

“Bu gün görülmüş işlərin yekunlarını nəzərdən keçirmək və regional əməkdaşlığımızın gələcək perspektivlərini müəyyənləşdirmək imkanımız var. Bununla yanaşı, format çərçivəsində əldə olunmuş razılaşmalara prioritet verilməsi gələcək işlər üçün əsas istiqamətlərdən biri olmalıdır. Bu, regionumuzun potensialını gələcək nəsillərin maraqları naminə səmərəli şəkildə reallaşdırmağa imkan verir. Mərkəzi Asiya və Azərbaycan daha sıx iqtisadi, nəqliyyat və enerji əməkdaşlığına keçmək üçün əhəmiyyətli potensiala malikdir. Bu baxımdan, fikrimizcə, xüsusi diqqətə layiq bir sıra aktual istiqamətləri qeyd etmək istərdim. İlk növbədə, sənaye kooperasiyasının gücləndirilməsi vacibdir. Ölkələrimiz əhəmiyyətli resurs potensialına malikdir. Bu isə birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii ehtiyatların emalı üçün geniş imkanlar açır”, - deyə o bildirib.

O, həmçinin rəqəmsal və “yaşıl” texnologiyaların inkişafının, innovasiyaların təşviqinin və sənayedə süni intellektdən istifadənin vacibliyini vurğulayıb.

“Təchizat zəncirlərinə, eləcə də məhsulların xarici bazarların ekoloji və texniki tələblərinə uyğunlaşdırılması üzrə təcrübə mübadiləsinə diqqət yetirməyi vacib hesab edirəm. Aqrar sektorda əməkdaşlıq da mühüm əhəmiyyət qazanır. Bu baxımdan obyektiv olaraq yanacaq-sürtkü materiallarının əlçatanlığı məsələsini də qeyd etmək lazımdır. Bu məsələnin həlli, xüsusilə kənd təsərrüfatı istehsalının dayanıqlığı və ölkələrimizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından birbaşa əhəmiyyət daşıyır”, - deyə o bildirib.

Rəhmon qeyd edib ki, Tacikistan enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“Prioritet enerji layihələrinin siyahısının formalaşdırılması və onların birgə maliyyələşdirilməsi üçün mümkün mexanizmlərin müəyyənləşdirilməsi imkanına baxmağı təklif edirəm. Bu, bütün regionun tələbatının nəzərə alınması ilə ən yeni texnologiyalar əsasında iri neft emalı zavodunun tikintisi layihəsinin hazırlanması və həyata keçirilməsidir. “Yaşıl” enerjinin dinamik inkişafını və onun əhəmiyyətini nəzərə alaraq, regional “yaşıl” keçid strategiyasının hazırlanmasını da təklif edirik”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti