Qırğızıstan Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılmasını təklif edir - Sadır Japarov

Siyasət Xəbər 8 Oktyabr 2026 11:10 (UTC +04:00)
Qırğızıstan Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılmasını təklif edir - Sadır Japarov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türkmənbaşı.Trend:

Qırğızıstan Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılmasını təklif edir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 8-də Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.

“Qəbul edilmiş sənaye kooperasiyası planları əsasında hökumətlərimizə iştirakçıların, maliyyələşmə mənbələrinin və icra müddətlərinin göstərildiyi konkret qarşılıqlı faydalı layihələri müəyyənləşdirməyi tapşırmağı təklif edirəm. İkincisi, dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biri olan elektron ticarətin dəstəklənməsi və inkişaf etdirilməsidir. Vətəndaşlarımız üçüncü ölkələrdən mal almaq məqsədilə beynəlxalq elektron ticarət platformalarından fəal istifadə edirlər. Bununla əlaqədar Mərkəzi Asiya və Azərbaycanın vahid elektron ticarət platformasının yaradılmasını təklif edirik. Bununla da istehlakçıların və biznesin region ölkələrində istehsal olunan mallara daha geniş çıxışını təmin edəcəyik”, - deyə o bildirib.

Japarov qeyd edib ki, son dörd il ərzində Qırğızıstanın Mərkəzi Asiya ölkələri və Azərbaycanla əmtəə dövriyyəsi demək olar ki, iki dəfə artaraq 2025-ci ilin yekunlarına görə 3,5 milyard ABŞ dolları təşkil edib.

“2025-ci ildə beş dövlətdən ölkəmizə yatırılan investisiyaların həcmi 140 milyon ABŞ dollarından çox olub. Ölkələrimiz arasında möhkəm mehriban qonşuluq münasibətləri dayanıqlı iqtisadi əlaqələrlə genişlənməlidir. Qırğızıstan Respublikasının 2030-cu ilədək milli inkişaf proqramının əsas istiqamətlərindən biri sənayeləşmədir. Bu baxımdan qarşılıqlı ticarətin artımının yeni istehsal sahələrinin və iş yerlərinin yaradılması, yüksək əlavə dəyərli məhsul istehsalının artırılması ilə müşayiət olunması istiqamətində səylərin göstərilməsi zəruridir”, - deyə o bildirib.

Japarov vurğulayıb ki, Qırğızıstan ardıcıl olaraq Mərkəzi Asiyanın sülh, etimad və mehriban qonşuluq məkanı kimi möhkəmləndirilməsini dəstəkləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti