Bakı. Trend:
Cənubi Koreya Moskvaya dizel yanacağı tədarükünun ixrac nəzarətinə tabe olmadığını bildirib. Bu açıqlama Ukraynanın Seulun Rusiyadakı yanacaq çatışmazlığının azalmasına töhfə verdiyini iddia etməsindən sonra verilib.
Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri bu həftə bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibə apardığı bir vaxtda bu ölkəyə dizel yanacağının tədarükü Cənubi Koreyanın sanksiya siyasətinə “açıq şəkildə ziddir”. Seul isə bu fikirləri “faktiki baxımdan yanlış” və “yolverilməz” adlandırıb.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi cümə axşamı bildirib ki, dizel yanacağı Cənubi Koreya mənşəli olsa belə, onun Rusiyaya ixracı qadağalara zidd deyil. Britaniyanın The Guardian qəzeti bu həftə liman qeydləri və gəmilərin hərəkətini izləmə məlumatlarına istinadən iyul və avqust aylarında Cənubi Koreyadan Rusiyaya 176 min ton məhsul, əsasən dizel yanacağı göndərildiyini yazıb.
“The Guardian qəzetinin məqaləsində qeyd olunan neft emalı məhsulları, o cümlədən kommersiya məqsədli dizel yanacağı və aviasiya yanacağı Cənubi Koreyanın Rusiyaya qarşı ixrac nəzarətinə tabe deyil”, - Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib.
Nazirlik qeyd edib ki, Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinin başlanmasından etibarən Moskvaya ümumi ixracın həcmi iki dəfədən çox azalıb. “Cənubi Koreya mənşəli yanacağın, o cümlədən dizel yanacağının Rusiyaya ixrac edildiyi müəyyən olunmayıb”, - deyə nazirlik əlavə edib.
The Guardian qəzetinin məlumatına görə, Cənubi Koreya limanlarında yükləndiyi iddia edilən yeddi neft tankerindən üçü sanksiyalara məruz qalıb. Cənubi Koreya Xarici İşlər Nazirliyi milli qanunların pozulub-pozulmadığını müəyyən etmək üçün bu gəmilərin hərəkət marşrutları ilə bağlı “əlavə yoxlamalar” apardığını bildirib.
Seul və Kiyev arasında münasibətlər sentyabr ayında Zelenskinin Rusiya qüvvələrinin tərəfində döyüşlərdə iştirak edərkən əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya göndərildiyini açıqlamasından sonra gərgin olaraq qalır. Seul bildirib ki, Kiyev bu məsələ ilə bağlı əldə olunmuş məxfilik razılaşmasını pozub.
