FIFA U-15 üçün inşa olunan yeni Yarış Kompleksinə mediatur təşkil edilib (FOTO)

İdman Xəbər 8 Oktyabr 2026 12:24 (UTC +04:00)
FIFA U-15 üçün inşa olunan yeni Yarış Kompleksinə mediatur təşkil edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə əlaqədar yeni inşa olunan Hövsan Yarış Kompleksinin təqdimatı çərçivəsində media nümayəndələri üçün tanışlıq turu keçirilib.

Trend-in turda iştirak edən müxbirinin xəbərinə görə, mediatur çərçivəsində iştirakçılara FIFA U-15 Dünya Çempionatı və Festivalının əsas məkanlarından biri olan Hövsan Yarış Kompleksi təqdim olunub.

Jurnalistlər komplekslə tanış olmaq, yaradılmış infrastruktur və turnirə hazırlıq prosesi barədə ətraflı məlumat əldə etmək imkanı qazanıblar.

İki ərazidən ibarət müasir idman kompleksi

15 yaşlı oğlanlar arasında keçiriləcək çempionatın oyunlarının baş tutacağı bu obyektin sifarişçi təşkilatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), baş podratçısı isə "Neftqaztikinti" Trestidir.

Layihələndirmə işləri Neftqaz Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən həyata keçirilib. Kompleksin tikintisində SOCAR-ın Nəqliyyat İdarəsi və tender qalibi olan müxtəlif subpodratçı təşkilatlar da yaxından iştirak ediblər.

Kompleks ümumilikdə iki əsas hissədən ibarətdir. Birinci hissəni 12 hektar ərazini əhatə edən və ölçüləri 480 metrin 250 metrə olan daimi zona təşkil edir. Burada 10 ədəd stadion, inzibati bina və ətrafı əhatə edən infrastrukturlar yerləşir.

İkinci hissə isə 6,6 hektar ərazini əhatə edən və ölçüləri 440 metrin 150 metrə olan köməkçi zonadan ibarətdir. Bu ərazidə xidməti personal, media nümayəndələri və təşkilati işlər üçün 23 ədəd müxtəlif ölçülü çadırlar, eləcə də sanitar qovşaqlar, yuyunma və soyunub-geyinmə yerləri və İT otaqlarından ibarət 41 ədəd məişət evciyi quraşdırılıb.

FIFA standartlarına cavab verən infrastruktur və texniki göstəricilər

Kompleksin tikintisi zamanı yüksək standartlara və texniki tələblərə tam əməl olunub. On stadionun hamısında tikinti və yaşıl örtüyün döşənməsi başa çatdırılıb, hazırda ehtiyat oyunçular üçün oturacaqlar, ara torları, təhlükəsizlik və küləyə qarşı tentlər kimi son tamamlama işləri aparılır. Döşənmiş ot örtüyü FIFA-nın təsdiq etdiyi ən yüksək standartlı örtük hesab olunur.

Çempionat çərçivəsində azarkeşlərin rahatlığı üçün hər bir stadionda tribunaların quraşdırılması məsələsi həllini tapıb. İki əsas stadionda 100-dən çox, digər stadionların hər birində isə 50-yə yakın izləyicinin oturması üçün şərait yaradılacaq.

Gecə oyunlarının keçirilməsi üçün 40 ədəd dayaq üzərində ümumilikdə 360 projektor quraşdırılıb. Ərazidə əlavə olaraq 210 işıqlandırma dirəyi, 134 ədəd videomüşahidə kamerası və müasir səs idarəetmə sistemi fəaliyyət göstərir.

Yağış sularının sürətlə axıdılması üçün perimetr boyu xüsusi drenaj sistemləri, 114 yeraltı quyu və 3200 metr uzunluğunda boru xətləri çəkilib. Kompleks üzrə ümumilikdə 186 300 kvadratmetr asfalt örtüyü salınıb. Ərazini qoruyan kənar hasarların uzunluğu 2280 metr, stadionların ətrafındakı 6 metrlik daxili hasarların uzunluğu isə 3780 metr təşkil edir.

Logistika, yaşıllıq və qonaqların rahatlığı

İdmançıların soyunub-geyinmə və yaşayış ehtiyacları Atletlər Kəndində təmin olunacaq, komandalar yarış sahəsinə xüsusi avtobuslarla gətiriləcək.

Köməkçi ərazidə isə 337 minik avtomobili və 60 iri tutumlu avtobus üçün rahat parklanma zonaları hazırlanıb.

Bundan əlavə, kompleksi əhatə edən ərazidə üç cərgəli geniş yaşıllıq zolaqları salınıb.

Turnirdən sonrakı gələcək planlar

FIFA U-15 Dünya Çempionatı və Festivalı yekunlaşdıqdan sonra Hövsan Yarış Kompleksinin AFFA-nın balansında qalacağı bildirilib.

Kompleksin ölkəmizdə uşaq futbolunun inkişafına xidmət edəcəyi və uşaq milli komandalarının əsas məşq bazasına çevriləcəyi nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti