İtkinlərin taleyinin müəyyənləşdirilməsi sülh prosesinin vacib hissəsidir - Azər Qarayev

Siyasət Rəy 8 Oktyabr 2026 13:22 (UTC +04:00)
İtkinlərin taleyinin müəyyənləşdirilməsi sülh prosesinin vacib hissəsidir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Müharibələr başa çatdıqdan sonra belə onların ağır humanitar nəticələri uzun illər davam edir. İtkin düşmüş insanların taleyi isə bu nəticələrin ən ağrılı tərəflərindən biridir. Yaxınlarının harada olduğunu, onların sağ olub-olmadığını və hansı şəraitdə həyatını itirdiyini bilməyən ailələr üçün müharibə faktiki olaraq başa çatmır. Azərbaycanda da minlərlə ailə illərdir bu qeyri-müəyyənliklə yaşayır.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

Onun sözlərinə göər, məhz bu məsələ Bakıda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfransın əsas mövzusu olub.

"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusuna həsr olunan tədbir dövlətlərin, beynəlxalq təşkilatların, ekspertlərin və bu sahədə çalışan qurumların nümayəndələrini bir araya gətirib.

"Konfransda əsas diqqət axtarışların daha səmərəli təşkili, məlumat mübadiləsi və ailələrin illərdir gözlədiyi cavabların əldə olunması üçün praktiki mexanizmlərin gücləndirilməsinə yönəlib. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində məsələnin yalnız ayrı-ayrı ailələrin problemi olmadığını, daha geniş humanitar əhəmiyyət daşıdığını vurğulayıb: "İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir".

Bu yanaşma xüsusilə Cənubi Qafqazda yeni reallıqların yarandığı bir vaxtda diqqət çəkir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra əvvəllər əlçatmaz olan ərazilərdə axtarışların aparılması, kütləvi məzarlıqların müəyyənləşdirilməsi və insan qalıqlarının eyniləşdirilməsi üçün imkanlar genişlənib. Beləliklə, itkinlərin taleyinin araşdırılması artıq yalnız illər əvvəl baş vermiş hadisələrə dair məlumatların toplanması ilə məhdudlaşmır. Əldə olunan yeni faktlar və azad edilmiş ərazilərdə aparılan araşdırmalar bir çox ailənin uzun illər gözlədiyi cavabların tapılmasına imkan verir", - o bildirib.

A.Qarayev qeyd edib ki, hazırda Dövlət Komissiyasında hərbi təcavüz nəticəsində itkin düşmüş 4010 azərbaycanlı qeydiyyatdadır. Onların 4004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb. Siyahıda 3228 hərbi qulluqçu ilə yanaşı, 782 mülki şəxs də var. Mülki itkinlər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs qeydiyyata alınıb.

"Axtarışların miqyasını göstərən ən mühüm göstəricilərdən biri isə son illərdə əldə olunan nəticələrdir. Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev konfransda bildirib ki, itkinlərin yaxın qohumlarından 11 566 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Bu nümunələr şəxsiyyətlərin elmi əsaslarla müəyyənləşdirilməsi üçün mühüm məlumat bazası yaradır: "1 oktyabr 2026-cı ilədək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülmüş, azad edilmiş ərazilərdə aşkarlanmış 32 kütləvi məzarlıqdan 253 şəxsə aid olduğu ehtimal edilən qalıqlar ekshumasiya edilib".

Bu rəqəmlərin arxasında təkcə statistika dayanmır. Hər bir qalıq müəyyənləşdirildikdə uzun illərdir cavab gözləyən bir ailə üçün naməlumluq azalır. Məhz buna görə DNT analizləri, ekshumasiya və məhkəmə-tibbi ekspertizalar axtarış prosesinin ən mühüm istiqamətlərindən birinə çevrilib. Əldə olunan məlumatların sistemləşdirilməsi isə sonrakı eyniləşdirmələr üçün baza rolunu oynayır.

Əli Nağıyevin açıqladığı məlumatlara görə, məhkəmə molekulyar-genetik ekspertizaları nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onlardan 273 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn edilib. Bu nəticələr axtarışların artıq konkret və elmi əsaslarla aparıldığını göstərir", - o bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanla itkinlərin taleyinin müəyyənləşdirilməsi istiqamətində birbaşa təmasların davam etdirildiyini bildirir.

"Dövlət Komissiyası 2025-ci ilin fevralından Ermənistanın aidiyyəti komissiyası ilə görüşlər və məlumat mübadiləsi aparır. Müxtəlif mənbələr və şahid ifadələri əsasında əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanıldığı bildirilən 834 azərbaycanlı barədə məlumat da qarşı tərəfə təqdim olunub. Prezident İlham Əliyev müraciətində axtarışların nəticəsinin birbaşa məlumatların dolğunluğundan asılı olduğunu vurğulayıb və qeyd edib: "Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır".

Bu fikir problemin əsas mahiyyətini də ortaya qoyur. İtkin şəxslərin taleyinin müəyyənləşdirilməsi siyasi müzakirələrdən daha çox konkret insan talelərinə, ailələrin hüququna və illərdir cavabsız qalan suallara aiddir. Bunun üçün arxivlərin açılması, şahid ifadələrinin toplanması, məlumatların paylaşılması və müasir texnologiyalardan istifadə vacibdir", - o bildirib.

Onun sözlərinə görə, Bakı Dialoqunun əsas əhəmiyyəti də məhz burada ortaya çıxır.

"Azərbaycan bu platforma vasitəsilə itkin düşmüş şəxslər məsələsini beynəlxalq gündəmdə saxlamaqla yanaşı, dövlətlər və mütəxəssislər arasında praktiki əməkdaşlığın genişləndirilməsini hədəfləyir. Prezident İlham Əliyev də müraciətində BMT və digər beynəlxalq təşkilatların axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza və ailələrə dəstək sahəsində daha fəal olmasının vacibliyini bildirib. Azərbaycan həmçinin BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edir.

Nəticədə itkinlərin taleyinin müəyyənləşdirilməsi yalnız keçmişin araşdırılması deyil. Bu, müharibənin humanitar nəticələrinin aradan qaldırılması, ailələrin illərlə davam edən gözləntisinə son qoyulması və regionda etimadın möhkəmləndirilməsi ilə bağlı prosesdir. Siyasi razılaşmalar davamlı sülh üçün əsas yarada bilər, lakin münaqişənin insan talelərində buraxdığı izlərin aradan qaldırılması da bu prosesin mühüm hissəsidir. Azərbaycan üçün isə hər bir itkin şəxsin taleyinə aydınlıq gətirilməsi dövlətin qarşısında duran konkret və uzunmüddətli vəzifə olaraq qalır", - A.Qarayev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti