Bakı. Trend:
Tovuz Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.
Tovuz Rayon Məhkəməsindən verilən məlumata görə, iddiaçı cavabdehin “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videolarda onun və ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlətdiyini, şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxardığını bildirib. İddiaçı məlumatların təkzib edilməsini və 100 min manat mənəvi ziyanın ödənilməsini tələb edib.
Məhkəmə sübutları və videomaterialları araşdıraraq mübahisəli ifadələrin iddiaçının və ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıdığını, onların şərəf və ləyaqətini alçaltdığını müəyyən edib.
Qeyd olunub ki, şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirə predmetinə çevrilə bilməz. Hətta həqiqətə uyğun məlumatların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi də hüquqa zidd ola bilər.
Məhkəmə uşaqların doğulma şəraitinə görə fərqləndirilməsinin və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsinin yolverilməz olduğunu vurğulayıb.
Bildirilib ki, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı ümumi kontekst, onların işlədildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır. Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması isə davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərib.
Məhkəmə diqqətə çatdırıb ki, fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə başqalarının şərəf, ləyaqət və şəxsi həyatına hörmət etmək öhdəliyini aradan qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır.
Həmçinin qeyd edilib ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların ailə üzvlərinin şəxsi həyatına müdaxiləyə əsas vermir.
Mənəvi ziyanın məbləği müəyyənləşdirilərkən hüquq pozuntusunun xarakteri, məlumatların yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb.
Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib. Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunub. Cavabdehdən iddiaçının xeyrinə 7 min manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.
