Bakı. Trend:
Azərbaycan və Dünya Bankı arasında süni intellekt əsaslı infrastrukturun inkişafına dəstək müzakirə edilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, sözügedən məsələ rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun Dünya Bankı Qrupunun Azərbaycan üzrə ölkə meneceri Saşa Bakes ilə görüşü zamanı müzakirə edilib.
Görüşdə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər, həmçinin rəqəmsal transformasiya, süni intellekt əsaslı infrastrukturun inkişafı, məlumat mərkəzləri və “Hökumət buludu”, kibertəhlükəsizlik üzrə mütəxəssislərin, eləcə də rəqəmsal bacarıqlara malik kadrların hazırlanması sahələrində Dünya Bankının mümkün dəstəyi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıq rəqəmsal inkişafla yanaşı, infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, məşğulluq və institusional islahatlar kimi müxtəlif sahələri də əhatə edir. Bu çərçivədə ölkənin Dünya Bankına üzv olduğu dövrdən etibarən 53 layihə üzrə ümumilikdə təxminən 4,9 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayrılıb.
Dünya Bankı ilə əməkdaşlığın əsas istiqamətlərindən biri də Azərbaycanın inkişaf prioritetlərinə və islahat gündəliyinə uyğun layihələrin həyata keçirilməsi olub. Tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkənin infrastrukturunun inkişafı, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, su idarəçiliyinin təkmilləşdirilməsi, məşğulluğun artırılması və institusional potensialın gücləndirilməsi kimi istiqamətləri əhatə edib.
Eyni zamanda, Azərbaycanın beynəlxalq inkişaf gündəliyində artan roluna diqqət çəkilir. Azərbaycan yuxarı orta gəlirli ölkə statusu əldə etdikdən sonra donor kimi beynəlxalq inkişaf təşəbbüslərinə dəstəyini artırıb.
Dünya Bankı isə Azərbaycanla uzunmüddətli əməkdaşlığın davam etdirilməsində və tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu bildirib.
Hazırda rəqəmsal transformasiya və süni intellekt də əməkdaşlığın yeni istiqamətlərindən biri kimi nəzərdən keçirilir. Bu çərçivədə məlumat mərkəzləri, “Hökumət buludu”, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların inkişafı üzrə mümkün dəstəyin müzakirə olunması Azərbaycanın rəqəmsal infrastrukturunun gücləndirilməsi istiqamətində yeni imkanlar yaradır.
