Bakı.Trend:
Fransadakı şagird-tələbə etirazları Belçikaya da yayılıb.
Bu barədə "The Guardian" nəşri yazır.
Nəşrin məlumatına görə, Belçikanın Lyej şəhərində iğtişaşlar başlayıb. Yerli KİV-lər bu ay tələbələrin keçirdiyi etirazlarla əlaqədar 200-dən çox şəxsin saxlanıldığını bildirir.
“Hakimiyyət orqanları oktyabrın 16-dək üç nəfərdən çox şəxsin ictimai yerlərdə toplaşmasına qadağa qoyub”, - deyə materialda qeyd olunur.
"The Guardian"ın məlumatına görə, etirazlar Brüsselə də yayılıb. Bildirilir ki, etirazçılar təhsil sahəsindəki islahatlara və təhsil haqlarının artırılmasına qarşı çıxırlar.
Bundan əvvəl Fransada davam edən şagird etirazları səbəbindən ölkə üzrə 375 liseyin fəaliyyətinin tam və ya qismən pozulduğu bildirilmişdi. Etirazlar başlayandan bəri 215 şagird, 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və 100-ə yaxın təhsil işçisi xəsarət aldığı qeyd edilir.
