Bakı.Trend:
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Mərkəzi Asiya ölkələrində və digər regionlarda “Modernising Road Transport” (“Avtomobil nəqliyyatının modernləşdirilməsi”) proqramını həyata keçirir.
Bu barədə IRU-nun saytında yayımlanan məlumatda deyilir.
“IRU Aİ-nin maliyyə dəstəyi ilə Mərkəzi Asiya ölkələrində və digər regionlarda peşəkarlığın artırılmasına, tənzimləmələrin uyğunlaşdırılmasına, rəqəmsal nəqliyyat sənədlərinin tətbiqinə, sərhəd prosedurlarının təkmilləşdirilməsinə və TIR sisteminin tələblərinə riayət olunmasına yönəlmiş “Modernising Road Transport” proqramını həyata keçirir.
Orta Dəhlizin uğuru həm maliyyə yatırımlarından, həm də ölkələrin, dövlət orqanlarının və sektorun nə dərəcədə səmərəli əməkdaşlıq etməsindən asılı olacaq”, - deyə məlumatda qeyd olunur.
IRU əlavə edib ki, islahat məsələləri oktyabrın 14-də Astanada keçiriləcək IRU-UN-OHRLLS tədbirinin əsas mövzusu olacaq.
Dünya Bankının hesabatına əsasən, məqsədyönlü investisiyalar və islahatlar Orta Dəhliz üzrə ticarət həcmini dörd dəfə artıra, daşımaların müddətini üçdə iki qədər azalda, region ölkələrinin ÜDM-ni 3,3 faiz artıra və 2040-cı ilədək 2 milyon iş yeri yarada bilər.
“Bu potensialın reallaşdırılması üçün fiziki infrastruktura ən azı 25 milyard dollar, həmçinin avtomobil və dəmir yolu əlaqələri, logistika mərkəzləri, daxili terminallar, avadanlıqlar və rəqəmsal sistemlər də daxil olmaqla, sözdə müşayiətedici investisiyalara təxminən 30 milyard dollar sərmayə tələb olunacaq.
Dünya Bankı əməliyyat və infrastrukturla bağlı olmayan tədbirləri də dəhlizin qarşısında qalan əsas problemlərdən biri kimi müəyyən edib. Sərhədlərdə gecikmələri azaltmaq, sənədləşmə prosesini sadələşdirmək, transsərhəd əməkdaşlığı gücləndirmək və nəqliyyat, tranzit və ticarət məlumatları üçün vahid rəqəmsal dəhliz sisteminə keçmək zəruridir”, - deyə məlumatda bildirilir.
IRU vurğulayıb ki, sərhədlərdə itirilən vaxt Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına əsas maneələrdən biri olaraq qalır. Buna görə də prosedurların sadələşdirilməsi və əməkdaşlığın inkişafı infrastruktur investisiyaları ilə paralel aparılmalıdır.
