Bakı.Trend:
ABŞ tərəfindən ələ keçirilən Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores Amerika həbsxanasında ürək tutması keçirib.
Bu barədə "Associated Press" (AP) Floresin vəkillərinə istinadən məlumat yayıb.
69 yaşlı Floresin nümayəndələri bildiriblər ki, təqsirləndirilən şəxs iyul ayında ürək tutması keçirib. Onların sözlərinə görə, Floresin həbsxana şəraitində müalicəsi mümkün olmayan ürək problemləri var. Flores həbsdə olduğu müddətdə 11 kiloqram çəki itirib.
Vəkillər əlavə ediblər ki, onlar təqsirləndirilən şəxsin ev dustaqlığına keçirilməsinə nail olmağa çalışacaqlar.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi obyektlərə zərbələr endirib, xüsusitəyinatlılar Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıblar. Onlara narko-ticarətdə iştirak etmək ittihamı irəli sürülüb. Maduro və Flores təqsirlərini etiraf etməyiblər.
Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun prezidentliyi dövründə respublikanın icraçı vitse-prezidenti vəzifəsini tutmuş səlahiyyətli prezident Delsi Rodriqes həyata keçirir.
