Bakı.Trend:
Azərbaycan üçün Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi və dəfn yerləri haqqında dəqiq və hərtərəfli məlumatların təqdim olunması xüsusi əhəmiyyət kəsb edir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu sahədə praktiki əməkdaşlıq ailələrin əzablarını yüngülləşdirməyə və davamlı sülh üçün zəruri olan etimadı möhkəmləndirməyə kömək edə bilər.
“Elmi və texniki əməkdaşlıq da davam etdirilməlidir. Təcrübə mübadiləsi, birgə tədqiqatlar və məhkəmə ekspertizası, genetika və müasir axtarış texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması əldə etdiyimiz bilikləri praktiki nəticələrə çevirməyə imkan verəcək.
Dövlət qurumları, beynəlxalq təşkilatlar və ekspertlər arasında davamlı əlaqələr bu əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Dövlət Komissiyası müvafiq qurumlarla birlikdə sistemli işini davam etdirir. Ölkəmiz bu sahədə öz təcrübəsini bölüşməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır”, - deyə o bildirib.
