Bakı. Trend:
Norçevin Nobel İnstitutu 2026-cı il üçün Nobel Sülh mükafatının laureatını elan edib. Mükafat Navanethem "Navi" Pillaya verilib.
Bu barədə "Nobel Prize" məlumat yayıb.
Bildirilir ki, builki laureat müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayətlərin və soyqırımın məsuliyyətə cəlb olunmasının təmin edilməsində mühüm rol oynayıb.
"Navi Pillayın universal hüquq prinsiplərinə sadiqliyi və sarsılmaz mənəvi mövqeyi onun uzunşaxəli fəaliyyətində dəyişməz amillər olub. Cənubi Afrikanın Durbаn şəhərində aparteid rejimi dövründə hind-tamil mənşəli ailədə anadan olan Pillay hüquqşünas və hüquq pioneri kimi dərin struktur disskriminasiyasına, seqreqasiyaya və təcrid olunmaya qarşı mübarizə aparıb. Onun Nelson Mandela və aparteidə qarşı çıxan digər şəxsləri müdafiə etdiyi ilk fəaliyyət illərindən tutmuş dövrümüzün mühüm beynəlxalq məhkəmə işlərində hakim kimi xidmətinədək bütün fəaliyyətindən vahid bir xətt keçir.
Builki laureat beynəlxalq hüququn miqyasını və təsirini əhəmiyyətli dərəcədə genişləndirib. O, Cənubi Afrika Ali Məhkəməsində, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalında və Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi fəaliyyət göstərib. Pillay BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı olub və son vaxtlaradək BMT-nin İşğal Olunmuş Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyasına sədrlik edib. Bu gün Navi Pillay Myanmanın soyqırımda ittiham olunduğu məhkəmə prosesində Beynəlxalq Məhkəmənin hakimidir.
Tarixi beynəlxalq məhkəmə işlərində o göstərib ki, hüquqi tədbirlər müharibə və zorakılıq aktlarının qarşısını almağa kömək edə bilər. Navi Pillay, həmçinin beynəlxalq hüquq təsisatlarının möhkəmlənməsinə töhfə verib. Onun müstəqilliyi, peşəkarlığı və sarsılmazlığı onu dövrümüzün ən nüfuzlu beynəlxalq hüquqşünaslarından birinə çevirib.
Norveç Nobel Komitəsi builki Nobel Sülh Mükafatını təqdim etməklə dünyaya xatırlatmaq istəyir ki, hüququn aliliyi — istər milli, istərsə də beynəlxalq səviyyədə — sülhü təmin etmək və münaqişələri qeyri-zorakı yolla həll etmək üçün qurduğumuz sistemin əsasını təşkil edir. Sülh ədalət tələb edir.
Navi Pillay dövlətləri və ölkə rəhbərlərini məsuliyyətə cəlb edib, zorakılıq və münaqişə qurbanlarına ümid bəxş edib. Tutduğu bütün vəzifələrdə o, fərdlərin və dövlətlərin hüququn aliliyinə əməl etmək məsuliyyətini vurğulayıb. O, həmçinin müvafiq normaların və hüquqi prinsiplərin müəyyənləşdirilməsinə kömək edib. Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı zorlama və cinsi zorakılığın soyqırımla yanaşı, insanlıq əleyhinə cinayət təşkil edə biləcəyini müəyyən edərkən, onun təsiri mühüm amil olub. Eyni məhkəmə işində xanım Pillay başqa bir hüquqi dönüş nöqtəsinə də imza atıb: ilk dəfə olaraq təqsirləndirilən şəxs sırf təbliğat yaymaq əsasında soyqırım törətməyə təhriketmə ittihamı ilə üzləşib.
Navi Pillay dövrümüzün beynəlxalq hüquq prinsiplərinin ən böyük müdafiəçilərindən biridir. Onun parlaq karyerası qlobal hüququn aliliyini dəstəkləmək, möhkəmləndirmək və genişləndirmək zərurətini bizə xatırladır. Navi Pillayın ədalətə və insan ləyaqətinə sadiqliyi daha dinc bir dünya qurmağa çalışan hər kəs üçün ümid və ilham mənbəyidir", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Norveç Nobel İnstitutu sözügedən mükafat üçün 287 namizədin qeydə alındığını açıqlamışdı. Onlardan 208-i fiziki şəxs, 79-u isə təşkilatdır.
Sudanın Fövqəladə Hallara Müdaxilə Mərkəzləri Nobel Sülh mükafatına əsas namizədlərdən biri hesab olunurdu. Yerli əhalinin dəstəyi ilə fəaliyyət göstərən xeyriyyə təşkilatı insanlara tibbi yardım, ərzaq dəstəyi və təhsil xidmətləri göstərir, həmçinin onların müdafiəsini təmin edir.
Digər namizədlər arasında Roma Papası XIV Leo və ABŞ Prezidenti Donald Tramp da yer alırdı.
